Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına start verilib. Sport24.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Təmsilçilərimizdən 64 kq çəki dərəcəsində qüvvəsini sınayan Bəxtiyar Qazıbəyov xorvatiyalı Erik Piyetranjla üz-üzə gəlib. Gərgin keçən görüş həmyerlimizin 3:2 (29:28, 30:27, 28:29, 29:28, 27:30) hesablı qələbəsi ilə yekunlaşıb. O, martın 10-da 1/8 final çərçivəsində ispaniyalı Adrian Kreusla gücünü yoxlayacaq.

Qazıbəyovdan fərqli, Aliyə Vəlizadənin (60 kq) debütü uğurlu alınmayıb. Fransalı Fatya Benmessahellə qarşılaşan boksçumuz məğlubiyyətə üzülüb.

Yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 üzvü mübarizəyə qoşulub. Nicat Həsənov (69 kq) Saymonas Banislə (Litva) üz-üzə gəlib. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb – 3:2 (28:29, 29:28, 29:28, 27:30, 30:27).

75 kq çəki dərəcəsində rinqə çıxan Amin Kuşkov isə eyni hesabla qalib gəlib. O, belçikalı Proton de la Şappel Lakelonu 3:2 (28:29, 30:27, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib. Boksçumuz 1/8 finalda rusiyalı Aleksey Semikinlə döyüşəcək. Qarşılaşma martın 11-nə təsadüf edəcək.

Qeyd edək ki, martın 10-da millimizin 3 üzvü rinqə çıxacaq. Ruslan Rüstəmov (60 kq) israilli Bişar Sabbarla, Bəxtiyar Qazıbəyov (64 kq) ispaniyalı Adrian Kreusla və Cəbrayıl Yelekov (81 kq) moldovalı Dmitri Koskyuqla gücünü yoxlayacaq.