İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatı davam edir.
Sport24.az xəbər verir ki, mundialın 5-ci günündə Azərbaycan millisinin üzvü Mehparə Məmmədova (48 kq) ikinci döyüşünə çıxıb.
1/16 final mərhələsində Lyuba Atanasovanı (Bolqarıstan) mübarizədən kənarlaşdıran təmsilçimiz bu dəfə monqolustanlı Saruul Batsayxanla qüvvəsini sınayıb. Döyüş Məmmədovanın 5:0 (29:27, 29:27, 29:27, 30:26, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.
Boksçumuz 1/4 finalda qazaxıstanlı Gülnaz Buribayeva ilə üz-üzə gələcək.
Ondan fərqli, Sənan Hətəmov dünya çempionatı ilə vidalaşıb. 67 kq çəkidə mübarizə aparan təmsilçimiz 1/8 finalda Nurbek Mursalla (Qazaxıstan) qarşılaşıb və rəqib mərhələ adlayıb.
89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun mübarizə apardığı mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.