"Məndən əvvəl bu vəzifədə çalışan Şahin İmranov hazırda Sumqayıt Boks Federasiyasına direktor təyin olunub. Mən isə stadionun tikintisindən etibarən burada çalışdığım və bu işin bütün mərhələlərində iştirak etdiyimdən yenidən bura dəvət olundum". Bu sözləri Sport24.az-a açıqlamasında yenidən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun direktoru təyin olunan Nadir Quliyev deyib.
Quliyevin sözlərinə görə, stadionun fəaliyyəti və təsərrüfat işləri ilə bağlı kifayət qədər təcrübəyə malik olduğu üçün yenidən bu vəzifəyə gətirilməsi məqsədəuyğun hesab olunub:
"Stadionun fəaliyyəti və təsərrüfat işləri ilə bağlı kifayət qədər təcrübəm olduğu üçün rəhbərlik tərəfindən yenidən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun direktoru vəzifəsində çalışmağım məqsədəuyğun hesab edilib. 2024-cü ildə vəzifədən ayrılmağımın əsas səbəbi yorğunluq idi. İllərdir fasiləsiz şəkildə işləyirdim və müəyyən müddətdən sonra hiss etdim ki, bu iş rejimi məni həddindən artıq yorur. Səhhətimə mənfi təsir göstərə biləcəyini nəzərə alaraq bir müddət işdən ayrılmaq qərarına gəldim. Ciddi xəstəliyim olmasa da, müalicə aldım və səhhətimi bərpa etdikdən sonra yenidən işimə qayıtdım. Hazırda fəaliyyətimi davam etdirirəm və işimin başındayam".
Direktor arenadakı çatışmazlıqlardan söz açıb:
"Stadionun təsərrüfat işləri ilə bağlı müəyyən çatışmazlıqlar mövcuddur. Ümumilikdə ciddi və narahatedici problem yoxdur, amma istər-istəməz müəyyən nöqsanlar və həllini gözləyən məsələlər var. Bunların hamısını nəzərdən keçirib qeyd etmişik. Hazırda mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür. Rəhbərlik də bu məsələlərə diqqətlə yanaşır və problemlərin həlli ilə bağlı lazımi addımları atır. İnanırıq ki, görülən tədbirlər nəticəsində mövcud çatışmazlıqlar da mərhələli şəkildə aradan qaldırılacaq və stadionun təsərrüfat işlərinin daha yüksək səviyyədə təşkil olunmasına nail olacağıq".
Qeyd edək ki, N.Quliyev əvvəllər də stadionun direktor vəzifəsində çalışıb. O, 2024-cü ildə öz ərizəsi ilə işdən çıxmışdı.