Moskva şəhərində "Vegas City Hall"da Rusiya Gənclər və İdman Nazirliyi, Rusiya Peşəkar Boks Federasiyası və "WTKF" tərəfindən "Буря в июне" adlı beynəlxalq peşəkar boks turniri keçirilib. Sport24.az xəbər verir ki, turnirdə ölkəmizi Fuad Tarverdi təmsil edib.

“Qızıl əlcək” İdman Klubunun üzvü olan peşəkar boksçumuz ilk "profdebyut" döyüşünü keçirib. Fuadın ilk əvvəl rəqibi erməni Armen Arutyunov olsa da, yarışdan bir neçə gün öncə döyüşdən imtina edib. Daha sonra təyin olunan ikinci rəqib - Ermənistanı təmsil edən Qriqori Arutyunyan da Tarverdiylə döyüşə çıxmaqdan boyun qaçırıb. İdmançımızın yekunda rəqibi Qırğızıstanı təmsil edən Saymik Mamadaliyev olub.

Onu da qeyd edək ki, ilk peşəkar döyüşünə çıxan Fuad rinqə Şəhid Xudayar Yusifzadənin ifa etdiyi "Dastana döndü" kompozisiyası ilə daxil olub. Boksçumuz sonda qələbəsini Şəhid və Qazilərimizə həsr edib.