Azərbaycan boksçusu Aynur Rzayeva Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında yarımfinala yüksəlib. Spor24.az xəbər verir ki, +81 kq çəkidə çıxış edən milli üzvü 1/4 finalda Selin Li-Lonu (Yeni Zelandiya) mübarizədən kənarlaşdırıb.

Hər 3 raundu xeyrinə bitirən Avropa çempionatının finalçısı yekunda 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Rzayeva yarımfinala yüksəlməklə, ən azı bürünc medalı təmin edib.

Aynur bununla da adını Azərbaycanın qadın boks tarixinə yazdırıb. Belə ki, mundiallarda indiyədək yerli idmançımız bu mərhələyədək irəliləmədiyindən o, ilki rəsmiləşdirib. Həmçinin dünya çempionatlarında sonuncu dəfə 2014-cü ildə medal qazandığımızdan, Rzayeva 9 illik uğursuz seriyaya da son qoyub.

 

Boksçumuz yarımfinalda qazaxıstanlı Lazzat Kunqeybayeva ilə döyüşəcək.

 

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.