Martın 24-də Bakıda kişi və qadın boksçular arasında "Böyük İpək Yolu" beynəlxalq turniri start götürəcək.

Sport24.az xəbər verir ki, 5 gün davam edəcək ənənəvi yarışda 11 ölkənin milli komandası mübarizə aparacaq.

Bakı Boks Mərkəzində təşkil olunacaq turnirdə Azərbaycan, Özbəkistan, Rusiya, Polşa, Qazaxıstan, Qırğızıstan, Tacikistan, İran, İtaliya, Pakistan və Macarıstan yığmaları güclərini yoxlayacaqlar. Kişilər boksçular 13, qadınlar 5 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

121 idmançının qatılacağı turnirin açılış mərasimi saat 13:30-da olacaq. Yarım saat sonra isə döyüşlər başlayacaq. Yarışa martın 28-də yekun vurulacaq.

Yığmamız "Böyük İpək Yolu"na 34 kişi, 9 qadın boksçu ilə qatılacaq.

Qeyd edək ki, turnirin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlı olacaq. Yarışa gələcək komandaların heyətində beynəlxalq dərəcəli referilər də yer alacaq.