"Çox çətin oyun oldu. Sanki, final matçı idi". Bu sözləri Sport24.az-a "Zirə"nin qapıçısı Tyaqo Silva deyib.
26 yaşlı qolkiper "Neftçi" ilə heç-heçə etdikləri (1:1) Misli Premyer Liqasının 28-ci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Hər iki komanda Avropada olmaq istəyir. Düşünürəm ki, möhtəşəm oyun idi. Şadam ki, son dəqiqədə qol vura bildik və heç-heçə oynadıq. Çünki bu, çox vacib bir xal idi. Düzünü desəm, sonda ağlımızla deyil, ürəyimizlə oynayırdıq".
Portuqaliyalı oyunçu qarşılaşmanın sonlarında meydanın mərkəzində Vensan Abubakarla mübarizə zamanı ondan topu alması barədə danışıb:
"Allaha şükür ki, topu ondan iki dəfə ala bildim. Daha çox xoşbəxtəm, çünki bundan sonra qol vura və bu oyunda heç-heçə edə bildik. Artıq bu görüş geridə qaldı və biz kubokun yarımfinal matçı haqda düşünürük. Finala vəsiqə qazanmağı çox istəyirik. Klubumuzun təxminən 11 ilindən sonra klub və azarkeşlər üçün bir kubok götürməyin vaxtıdır. Onlar buna layiqdirlər və biz də layiqik. Burada olduğum son 3 ildə Azərbaycanın ən yaxşı komandalarından biri olmaq üçün çox mübarizə aparmışıq. Bəli, biz bir titul qazanmaq istəyirik, bu da kubokdur. Finalda rəqibin "Sabah", yoxsa "Qarabağ" olmasının bizim üçün fərqi yoxdur. Amma ilk oyundakı 2:0 hesablı qələbəyə görə demək olmaz ki, artıq finaldayıq. Çünki indi əsl mübarizə gedir. Sona qədər mübarizəmizi aparacağıq".