Meksikada keçirilən əfsanələr matçında yerli komanda Braziliya yığmasının sabiq ulduzlarından ibarət heyəti 3:2 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Məşhur "Asteka" stadiyonunda baş tutan görüşə braziliyalılar daha sürətli başlayıblar. Ronaldinyonun zərgər dəqiqliyi ilə ötürməsindən sonra Adriano hesabı açıb. Lakin meksikalılar bu qola tezliklə cavab veriblər. 18-ci dəqiqədə Luis Ernandes tarazlığı bərpa edib.
İlk hissədə Kaka "sambaçılar"ı yenidən önə keçirsə də, fasiləyə az qalmış Oribe Peralta baş zərbəsi ilə hesabı 2:2 edib. İkinci hissədə daha fəal görünən meydan sahibləri 63-cü dəqiqədə qələbə topunu vurublar. Rəqib qapıçısının səhvindən maksimum yararlanan Peralta dublunu rəsmiləşdirərək komandasına qələbə qazandırıb.
Qeyd edək ki, şou xarakteri daşıyan matçdan sonra jurnalistlərə açıqlama verən Ronaldinyo Meksikaya olan sevgisini bir daha dilə gətirib və bu ölkədə çıxış etdiyi dövrləri hər zaman xoş xatirələrlə yad etdiyini bildirib.