"Arsenal"ın baş məşqçisi Mikel Arteta Premyer Liqada "Mançester Siti" qarşısında qeydə alınan 1:2 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb. ​Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis məğlubiyyətə baxmayaraq, çempionluq ümidlərini itirmədiklərini vurğulayıb.

Arteta komandasının meydandakı performansından razı qaldığını, lakin nəticənin arzulanan olmadığını bildirib:

"Pozitiv məqam odur ki, biz səviyyəni gördük və bu səviyyənin öhdəsindən gələ bilirik, hətta daha yaxşısını da edə bilərik. Bu gün komandanın kim olduğunu, xarakterini göstərdik. Biz qələbəyə yaxın idik, amma kifayət qədər deyil. Bu gün böyük bir fürsəti əldən verdik".

Çempionluq yarışındakı şansları dəyərləndirən baş məşqçi, hələ qarşıda vacib oyunların olduğunu xatırladıb:

"Cəmi beş oyun qalıb və biz sona qədər mübarizə aparacağıq. Buna tam inamımız var. Bu gün komandanın kim olduğunu göstərdik və hər şey hələ də öz əlimizdədir".