Misli Premyer Liqasının V turunda evdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edən "Araz-Naxçıvan"ın baş məşqçisi Zaur İsmayılov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis ilk növbədə matç haqqında fikirlərini bölüşdü
– Çox gərgin oyun keçdi. Hesabda öndə olmağımıza baxmayaraq, ikinci hissədə öz kobud və fərdi səhvlərimizdən qapımızda qollar gördük. Rəqibin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik, amma qolları standartdan yox, öz xətalarımızdan buraxdıq. Qarşılaşmanın sonlarına doğru təzyiqi artırdıq və rəqibi səhv etməyə məcbur elədik. Nəticədə matç heç-heçə ilə başa çatdı.
– Penalti epizodunun təkrarına baxmısınız? Həmin qərar haqqında nə düşünürsünüz?
– Mənim bildiyimə görə, rəqib qapıçı oyunçumuza toxunmuşdu, yəni təmiz penalti idi. Epizoda baxan kimi dərhal görünürdü. Düzdür, VAR dəfələrlə baxdı və baş hakimi də monitora dəvət etdi. Referinin təkrarı izləməsi bir az vaxt aparsa da, düşünürəm ki, tam ədalətli qərar verildi.
– İlk 5 turda "Araz-Naxçıvan"ın rəqibləri kifayət qədər ağır idi. İndiki 5 xallıq göstərici sizi nə dərəcədə qane edir?
– Bəli, təqvimimiz ağır idi. Amma biz hər matça qələbə üçün çıxırdıq. Ötən tur "Qarabağ"la oyunda futbolçularımız yaxşı çıxış edərək mövsümdə ilk qollarımızı vurdular. Həmin matç komandada böyük əhval-ruhiyyə və stimul yaratdı. Düşünürəm ki, gələcək turlarda performansımızı daha da artıracağıq.
– Heyətdəki zədələr, cinah oyunçuları ilə bağlı çətinliklər və təbii örtükdən sintetikaya keçid komandaya necə təsir edir?
– Sırf cinahda çıxış edən futbolçularımızı müdafiənin solunda və ya mərkəzində oynatmağa məcbur oluruq. Heyətdə müəyyən problemlərimiz var, lakin mövcud imkanlarla həmin mövqelərdəki boşluqları bağlamağa çalışırıq. Məşqlərimiz təbii ot örtüyündə keçir, oyun zamanı isə sintetikaya keçirik. Buna baxmayaraq, futbolçulara tapşırırıq ki, buna fikir vermədən hər matçda maksimum performanslarını ortaya qoysunlar.