Misli Premyer Liqasının III turu çərçivəsində keçirilən "Şəfa" – "İmişli" (0:1) oyunundan sonra "Şəfa" komandasının baş məşqçisi Zaur Həşimov mətbuat konfransında iştirak edib. Sport24.az xəbər verir ki, mütəxəssis ilk növbədə məğlubiyyəti şərh etdi:

 

– Düşünürəm ki, maraqlı və yaxşı oyun alındı. Hər iki tərəfin düşündüyü hücum planları var idi. Meydanda temp, dinamika və əsl mübarizə izlədik. Təəssüf ki, ikinci hissəyə yaxşı başlamadıq. İlk turda olduğu kimi, bu matçda da ikinci hissənin əvvəlində qol buraxdıq. Rəqibin ikinci taymın ilk 10 dəqiqəsini bizdən üstün keçirməsi və yarandığı imkandan istifadə etməsi oyunun taleyini həll etdi. Buna baxmayaraq, komandamın performansından narazı qalmadım. Üçüncü matçımız üçün kifayət qədər yaxşı çıxış etdik. Sürətli hücumlarımız və real qol epizodlarımız oldu. Çempionat uzun marafondur. Əminəm ki, bu yolda məqsədimizə çatmaq üçün var gücümüzlə çalışmağa davam edəcəyik.

 

– İkinci hissədə qol imkanlarınız olsa da, hücumun yekunlaşdırılmasında bitiricilik çatmadı. Səbəb nə idi?

 

– Əsas səbəblərdən biri Felipenin tam hazır olmamasıdır. Bununla yanaşı, elə detallar var ki, orada futbolçuların ustalıq səviyyəsi ön plana çıxmalıdır. Düşünürəm ki, məhz bu xırdalıqlar matçın nəticəsinə birbaşa təsir etdi.

 

– Geridə qalan turlarda fərqli nəticələr qeydə alınıb. Komandada hələ ki sabitliyin yaranmadığını demək olarmı?

 

– İlk tur çempionatla və yeni futbolçuların bir-biri ilə tanışlıq mərhələsi idi. İkinci turda həm oyun baxımından pis təsir bağışlamadıq, həm də vacib 3 xal qazandıq. Bu qarşılaşmada da komandam yaxşı mübarizə apardı, sadəcə vurulan bir qol taleyi həll etdi. Sabitliyi qorumaq üçün futbolçuların birgə oynamaq təcrübəsi artmalıdır, bir-birlərini meydanda daha yaxşı anlamalıdırlar.

 

– Ötən tur Qəbələdəki hava şəraitindən və küləkdən şikayət etmişdiniz. Bu gün Sumqayıtdakı hava şəraiti komandaya necə təsir etdi?

 

– Külək var idi, lakin oyuna mane olacaq dərəcədə deyildi. Sumqayıtda hava şəraiti futbol oynamaq üçün tam əlverişli idi.