Misli Premyer Liqasının III turunda "Şəfa"nı minimal hesabla (1:0) üstələyən "İmişli"nin baş məşqçisi Fərid Namazov matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis ilk olaraq qələbə qazandıqları qarşılaşma barədə təəssüratlarını bölüşdü:

 

– Görüşün ağır keçəcəyini öncədən bilirdik və hazırlıqlarımızı da buna uyğun qurmuşduq. Qarşılaşmanın böyük hissəsində üstünlüyü əlimizdə saxladıq. Yeganə narazı qaldığım məqam yaradılan qol imkanlarını dəyərləndirə bilməməyimizdir.

 

Mükafat məsələsi komandaya necə təsir edir?

 

– Mükafat futbolun ayrılmaz hissəsidir və bu məsələdə müəyyən nüanslar var, lakin prestij maliyyədən daha önəmlidir. Meydanda pul rol oynamır. Bizim üçün əsas prioritet klubun prestijidir. Reallıq budur ki, böyük büdcəli klublarla daha məhdud imkanlara malik komandalar arasında həmişə müəyyən fərq olacaq. Yeri gəlmişkən, "Sabah"ı Çempionlar Liqasındakı uğurlu çıxışı münasibətilə təbrik etmək istəyirəm. Bizim əsas məqsədimiz isə turnir cədvəlində daha yüksək pillələr uğrunda sonadak mübarizə aparmaqdır.