"Bildiniz kimi FİF-in köməkliyi ilə "Biznes klub" layihəsinə qoşulmuşuq. Məhz bu layihə çərçivəsində bir qrup iş adamı bizə müəyyən köməklik göstərirdi. Əsas sıxıntımız stadionun icarə haqqı, futbolçularımızın qidalanması ilə bağlı idi ki, bunu da "Biznes klub" layihəsi qismən təmin edirdi. Amma bununla iş bitmirdi. Ona görə əsas sponsor axtarışımız davam edirdi. Nəhayət dünən bu istəyimiz reallaşdı və "Music Gallery" ilə əməkdaşlıq müqaviləsi bağladıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Zaqatala"nın İdarə Heyətinin rəhbəri Şaban Şirdanov bildirib.

 

 

Dünən Futbol İnkişaf Fondonun (FİF) təşkilatçılığıyla I Liqada mübarizə aparan "Zaqatala" ilə "Music Gallery" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalandı. Adı çəkilən şirkət bundan sonra bölgənin eyniadlı təmsilçisinin əsas sponsoru olacaq. Bəs şirkət kluba hansı yöndə dəstəl verəcək?  Şirdanovun reaksiyası belə oldu:  


"Hələlik bu şirkətlə tanışlıq mərhələsindəyik. Onların bizə hansı dəstək verəcəyi hələ qətiləşməyib. Şirkətlə daha bir vacib görüşümüz çempionat bitənə qədər reallaşmalıdı. Həmin görüş Zaqatalada baş tutacaq. Bizim əsas sponsordan gözləntimiz çoxdu. Uşaq futbolunu inkişaf etdirmək üçün akademiya tikmək, daha yaxşı stadiona sahib olmaq, heyətimizi gücləndirmək, baza-infrastruktumuz yaxşılaşdırmaq və elitaya çıxmaq və digər məqsədlər üçün dəstəyə ehtiyacımız var. Ümid edirəm ki, gələcəyimiz yaxşı olacaq və tədricən istəyimizə çatacağıq".

POLAD AZƏR