"Nəticədən narazı qalsam da, komandamın oyunundan razı qaldım. Futbolçularım verilən bütün tapşırıqları yerinə yetirdilər". Bu sözləri Sport24.az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

Gənc mütəxəssis Birinci Liqanın 13-cü turunda "Səbail"ə məğlub olduqları oyun haqda fikirlərini bölüşüb:

"Qol epizodlarından istifadə edə bilmədik və fərdi səhvlər səbəbindən qapımızda qol gördük. Səhv etmirəmsə, qapımıza bir təhlükəkli hücum oldu. Komandam hər iki hissədə üstün futbol sərgilədi. Rəqib isə qapalı oyun oynayırdı. Təəssüf ki, üstün olduğumuz matçda qol vura bilmədik".

 

Məmmədov yeni transferlərin də oyunundan razı qaldığını söyləyib:

 

"Sadəcə, yekun nöqtəni qoya bilmədik. Futbolçular bir qədər də soyuqqanlı olmalıdır. Əsas problemimiz tələskənlikdir".