"Neftçi" Misli Premyer Liqasının 27-ci turunda doğma meydanda "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- İki hissə arasındakı bu qədər fərqin olmasının səbəbi nə idi?

- Birinci hissədə həqiqətən "Neftçi"nin performansı çox yaxşı idi. Bizim çox yaxşı qol epizodlarımız var idi. Ən azından 6-7 epizodumuz var idi, amma vura bilmədik hamısını. 60-cı dəqiqəyə qədər də yaxşı oynadıq. Düşünürəm ki, ondan sonra əsas rolu psixologiya oynadı. Hesab 2:0 oldu, futbolçular bir az sakitləşdilər. 60 dəqiqə ərzində rəqibə maksimum pressinq etmək istəyirdik. 60 dəqiqə ərzində qapımız qarşısında cəmi 1 epizod oldu, qapıçımız da bizi də xilas etdi. Biz isə 4-cü dəqiqəyə qədər 2 epizod yaratmışdıq. Futboldur, belə şeylər olur. Biz daha çox işləməliyik, çalışmalıyıq ki, oyunçuların fiziki durumları daha yaxşı olsun. Mən də baş məşqçi kimi analiz etməliyəm. Şadam ki, kapitanımız geri döndü. Möhkəm insandır, bu cür zədə ilə geri qayıtdı. Emin bizim üçün açar oyunçudur. Ümid edirəm ki, onda hər şey yaxşı olacaq.

 

- Artıq avrokubok zonasının astanasındasınız. Üzərinizdə əlavə təzyiq hiss edirsiz?

- Mən təzyiq hiss etmirəm. Getdikcə dərəcə artır. Əsas odur ki, bizim oyunçular bunu başa düşsünlər və dərəcəni saxlasınlar. Çünki bundan sonrakı bütün oyunlar sanki kubok finalı kimidir. Ona görə xallarımızı qazanmalıyıq, irəli getməliyik. Bu ay ərzində oynayacağımız komandalar da bunu istəyir, "Zirə" və "Qarabağ", Ona görə bu oyunlardan çox şey asılı olacaq. Uşaqlar bunu başa düşür. Hər birinə hörmətlə yanaşırıq. Çıxıb oynayacağıq. Hər şeyi Allah bilir.

 

- Siz gəldikdən sonra Vensan Abubakar start heyətində yer almayıb. Bu onu göstərir ki, yeni mövsüm üçün planınızda Abubakar yoxdur?

- Mən mətbuatı oxuyanda bəzən gülümsəyirəm. Çünki elə şeylər olur ki, onlar haqda ümumiyyətlə heç nə deməmişəm, demək də istəmirəm.Abubakar komanda oyunçusudur, "Neftçi"nin futbolçusudur. Onun zədəsi var idi. Üç həftə məşq etmədi. Müalicə alırdı. Beş gün məşq etməklə əvvəlki fiziki vəziyyəti qaytarmaq mümkün deyil. Eyni söz Bassala Sambuya da aiddir. O, məşqlərə başlayıb, amma fərdi məşqlər edir. Yəqin ki, bərpasına 2-3 həftəyə geri qayıdacaq. Hər şey yaxşı getsə, "Qarabağ"la 2-ci oyuna çıxarmaq olar. Amma bu da şübhəlidir. Hər birini gözləyirəm. Böyük ümidlər var. Eyni məsələ Ştoqrinə də aiddir. Dünən zəhərlənib. Hətta 23-lükdə adı da yox idi.

 

- Bassala Sambu da geri qayıtdıqdan sonra ola bilər ki, 9 nömrəsiz oynamağa davam etsin? Çünki komanda hücumda daha rəngarəng görünür...

- Gözləyək, görək o nə vaxt qayıdır. Ondan sonra düşünüb,təhlil edərik. 

 


- Ukrayna mətbuatında millinin baş məşqçi postuna namizədlər arasında göstərilirsiz. Bu doğrudur?

- Son aylarda Ukraynadan heç bir jurnalistlə danışmamışam. Nə yazırlarsa, mənimlə əlaqəsi yoxdur. Yazırlar ki, Kənan Piriç qol buraxdıqdan sonra Vernidub onunla yollarını ayırmaq istəyir. Necə bunu yazmaq olar? Qol da buraxacaq, seyv də edəcək. Belə çıxır ki, buraxılan qoldan sonra hər qapıçı ilə yolları ayırmaq lazımdır? Elə suallarınız olarsa, mətbuat xidməti ilə danışa bilərsiz, mən də müsahibəyə hər zaman hazıram. Ən azından orada doğrunu deyəcəm. Milliyə gəldikdə, bununla bağlı söz-söhbət çoxdan gedir. Mənə heç kim zəng etməyib. Orada 8-10 nəfər yazırlar, bəlkə kimsə mənim də adımı ora daxil ediblər. Ciddi bir şey olsaydı, zəng edərdilər. İndi mənim bir məqsədim var, o da "Neftçi"dir. Kluba və mənim qarşıma qoyulan hədəflərə çatmağı düşünürəm. Alınar-alınmaz, həyat göstərəcək.Bu öhdəliyi üzərimə götürmüşəmsə, sona qədər gedəcəyik. Görürsüz ki, nə qədər məsafə qət etmişik. Futbolçulara təşəkkür edirəm ki, üzərlərində işləyirlər, məşqlərdə çox peşəkardırlar. Klubun rəhbərliyinə də təşəkkür edirəm. Onlar da oyunçulara böyük motivasiya göstərirlər, dəstək göstərirlər. Ortada belə nəticə var. Komanda ilə rəhbərlik bir olanda, bu böyük gücdür.