Klubların heyətini gücləndirdiyi bir dönəmdə "Neftçi" daha bir futbolçusu ilə yollarını ayıra bilər. Sport24.az xəbər verir ki, söhbət paytaxt klubunun müdafiəçisi Yuri Matiasdan gedir.



30 yaşlı braziliyalı rumıniyalı jurnalist Marian Kodirə verdiyi müsahibədə maraqlı məqamlara toxunub. Mövsüm sonunda "Neftçi" ilə müqaviləsi başa çatacaq Yuri Rumıniyaya qayıtmağa müsbət yanaşdığını bildirib. O, jurnalistin "Rumıniyaya qayıtmaq istərdinizmi?" sualını belə cavablandırıb:



"Yox deyə bilmərəm! Çıxış etdiyim komandalarla bağlı müzakirələr olsa, geri qayıdardım. Xüsusən də orada özümü yaxşı hiss etmişəm. Niyə də olmasın? Mən heç vaxt qapını bağlamıram və futbolda hər şey mümkündür".



Müdafiəçi "Neftçi" ilə olan müqaviləsindən də söz açıb: "Hazırda müqavilə müddətinin bitməsinə altı ay var. Klub müqavilə müddətini artırmaq üçün əlaqə qurub. Amma sonda razılaşa bilmədik, Məsələ hələ açıq qalıb. Başqa komandalar da maraqlanır. Güman ki, yaya qədər "Neftçi"də qaldıqdan sonra sərbəst şəkildə gedəcəm".


Qeyd edək ki, 2023-cü ilin yayında "Neftçi"yə transfer olunan Yuri Matiasın "Neftçi" ilə müqaviləsi bu ilin yayında başa çatır.