Premyer Liqamızda mübarizə ekvator xəttinə çatdı. Cari mövsümün ilk yarısının təhlili, həlledici mərhələ sayılan ikinci yarıdan gözləntilərlə bağlı "Mütəxəssis rəyi" ənənəvi rubrikamızda bu dəfə qonaq seçdiyimiz Yunis Hüseynovla söhbətləşdik.

- Bu çempionatın arxada qalan hissəsini necə dəyərləndirərdiniz?

- Açığı, pis çıxmasın, çempionatımızda çox da yaxşı oyunlar izləyə bilmirik. 8 komandalı çempionatda o qədər də yaddaqalan oyunlar olmur. Var yaxşı 1-2 matç, amma əsasən çoxu yadda qalmır. Mövsümün ilk yarısında sözü düzü, "Qəbələ"nin çıxışı məni sevindirdi. Bu komanda həqiqətən yaxşı oyun nümayiş etdirir bütün matçlarda. Yadınıza gəlirsə, keçən mövsümdə də "Qəbələ" pis təsir bağışlamırdı. Xüsusilə hücum xəttində oyunları mənə çox xoş gəlir, hücumda çoxala bilirlər. Əksər futbolçuları demək olar hücuma, qol vurmağa istəklidi. Buna görə "Qəbələ"nin hazırda 2-ci yerdə getməsi təsadüfi deyil. Komanda yaxşı oynayır, buna uyğun da layiq olduğu mövqedə qərarlaşıb. Mövsümün ikinci yarısında da uğurlar arzulayıram qəbələlilərə. 

- Keçək futbolçu həyatınızda xüsusi rolu olan, azarkeşlik etdiyinizi gizlətmədiyiniz "Neftçi"yə...

- Həm "Neftçi", həm də "Zirə" stabil oynayan, yüksək yer tuta bilən komandalardı. "Neftçi" keçən mövsüm çempion olmuşdu. Amma bu mövsüm o oyunu, istəyi görmürəm açığı. Orda bəzi nüanslar oldu ki, futbolçulara da mənfi təsir elədi. Bunlar klub daxilində olan söz-söhbətlər idi. Buna görə də stabil oyun göstərmirlər və nəticədə belə çox xal itkisinə məruz qalaraq, liderdən bir az aralanıblar.

- Lider isə çempionatımızın aşkar güclüsü olan "Qarabağ"dı...

- Bu komandadan danışmağa ehtyac yoxdu. Çünki bilirsiniz ki, "Qarabağ" hər çempionatda özünü yaxşı tərəfdən göstərir. "Sumqayıt"a toxunmaq istərdim ki, keçən çempionatın bürünc medalçısı olan bu komanda cari mövsümdə yaxşı nəticə əldə eləməyib. İkinci dövrə bitən kimi də orda baş məşqçi dəyişikliyi oldu. 

- Niyə belə oldu?

- Sizə deyim bu nədən əmələ gəlir - futbolda belə nüanslar var ki, komanda çempionata necə başlayırsa, o istəkmi deyim, əhval-ruhiyyə yaxşı olandan sonra oyun da yaxşı alınır. Keçən mövsümdə "Sumqayıt"da belə uğurlu nəticələr başladı ki, bu, hər oyuna o qədər istəkli çıxmasının nəticəsi idi. Hiss olunur ki, bu komanda çempionatda yer, layiq olduğu pilləni tutmaq istəyir. O istəklə, o inamla gəldilər o məqsədilərinə çatdılar. Amma bu istəklə, bu inamla çempionatda medalçı olmaq mümkün deyil. Gərək bir oyun da olar, belə bir şeylər də var.  Əfsuslar olsun ki, bu mövsüm o qədər də yaxşı çıxış eləmədi. Uğurlar arzu edək "Sumqayıt"a. 

- Bəs, ən çox ümidlərinizi doğrultmayan, ən uğursuz komanda kimi deyərdiniz?

- Uğursuz deməyək, qarşıda 14 tur var. Ola bilər səhv danışam. İndidən uğursuz deyərəm, bir də gördün həmin komanda gələr çempion da olar (gülür). Məsələn, uğursuz kimi "Neftçi"ni sayırdım ki, keçən mövsüm çempion olmuşdusa, deməli, bu il daha yaxşı çıxış eləməli idi. Amma təəssüf ki, belə olmadı. Bununla belə, uğursuz da demək olmaz. Bir də gördün ki, "Neftçi" ikinci dövrədə gəldi çempion oldu, onda deyəcəklər ki, Yunis Hüseynov bizə uğursuz dedi (güldü). Bu da düzgün deyil. 

- "Sabah" ilk dövrənin ən uğursuzu, ikinci dövrənin isə ən uğurlularından idi. Rusiyalı yeni baş məşqçi Murad Musayev gəlib komandanı enişdən çıxararaq yüksəlişə apardı və avrokuboklara əsas namizədlərdən biri olması artıq realdı...

- Gəlin, hər şeyi bu mütəxəssislə əlaqələndirməyək. "Sabah"ı həmişə tərifləmişəm, çünki yaxşı bir komanda idi. Söhbət bundan gedir ki, bilirdim "Sabah" yaxşı yerlərdən birini tuta biləsi bir komandadı. Heyətinə görə bunu demişəm. Yeni baş məşqçi gəldi, dəyişiklikər oldu - bununla bağlamazdım. Orda hər bir məşqçi də uğur qazana bilərdi. Sadəcə, ola bilər ki, sabiq baş məşqçi Ramin Quliyev futbolçularla ya dil tapa bilmədi, ya oynadığı futbolla əlaqələndirmək olar uğursuzluğu. İndi hər bir oyunu udurlar, ancaq nəzərə alaq ki, orda heç bir futbolçu dəyişikliyi olmayıb, Bu üzdən demək olar ki, yeni baş məşqçi gəldi, 7 futbolçu gətirdi, əla, super bir komanda yaratdı - yox, elə deyil. Həmin heyətlə oynadılar, ikinci dövrədə daha çox qalib gəldilər və sondan 5-ci pilləyə yüksəldilər. "Sabah"dakı irəliləyişi belə dəyərləndirərdim. 

- Keçmiş komandanız "Keşlə" sizcə, niyə belə qeyri-stabil çıxış edir?

- Mənim vaxtımda da qeyri-sabit çıxş edirdi. Nüanslar çoxdu. Açığı, o vaxt ora getdim, birincisi, kaş ora getməzdim, ikincisi də o komanda haqda fikir bildirmək istəmirəm. Çünki mənə xoş olmayan bir komandadı.

- İndidən demək olarmı ki, "Qarabağ" böyük ölçüdə çempionluğu əldən verməyəcək?

- Böyük ölçüdə əlbəttə ki, verməyəcək. İnanmıram ki, "Qarabağ" çempionluğu əldən versin. Bildiyiniz kimi, həm çempionatda, həm də Konfrans Liqasında özünü yaxşı tərəfdən göstərir. Bir də ki mənə elə gəlir ki, "Qarabağ" keçən mövsümkü səhvlərini eləməyəcək.

- Hansıları?

- Ola bilər bəzi oyunlarda özlərinə inamları artdı ki, çempionluğu artıq əldə eləmişik - açığı, buna inanmıram - bəlkə buna görə son turlarda xallar itirdilər. Nəticədə çempionluq məsələsini son turda "Neftçi" ilə görüşə saxladılar. Bilirsiniz ki, rəqibinə həmin matçda yalnız qalibiyyət lazım, buna görə istəyi çox idi. Nəticədə "Neftçi" qələbə qazanaraq çempion oldu. Amma indi inanmıram ki, "Qarabağ"ın futbolçuları hər hansı oyunda "boşalsınlar". Necə başlayıb bu komanda, elə də davam edib çempion olacaq. 

- "Qəbələ" və "Zirə" çox stabil çıxış edir. Sizcə, belə halda "Neftçi"ni ümumiyyətlə, medalçılardan kənarda qalması təhlükəsi gözləyirmi?

- İnanmıram bu mübarizədən kənarda qalsın. Mənə elə gəlir ki, "Neftçi" mükafatçılar sırasına düşəcək - ya 2-ci, ya da 3-cü yeri tutacaq. Buna inamım var. Amma mükafatçılar sırasından kənarda qalmağı isə "Neftçi" artıq çox pis hal ola bilər. 

- "Neftçi" prezidenti Kamran Quliyevin diliylə desək, başa çatmaqda olan 2021-ci ilin ən uğurlu transferi, idman direktoru postuna gətirilən Zaur Əzizov bir dirçəliş yarada bilərmi?

- Zaura uğurlar arzulayıram "Neftçi"də. Arzu edək ki, ayağı düşərli olsun, kluba yaxşı futbolçular seçsin. Amma belə deyim ki, Əzizov "Qəbələ"də işləyib, ona uyğun futbolçular seçib. "Qəbələ" buna da uyğun yaxşı kollektiv yarada bilib. "Neftçi"də isə bütün gözlər - mətbuatın da, azarkeşlərin də üzərindədi. Təki yaxşı transferlər olsun, komanda özünü yaxşı tərəfdən göstərsin. Amma mənə elə gəlir ki, "Neftçi"də işləmək bir az çətindi. 

- Bir komanda qaldı ki, ona da toxunaq. Belə demək olarmı ki, son pillədə gedən "Səbail" cari çempionatın aşkar autsayderidi?

- Bəli, belə görünür. Belə deyək ki, hansı bir komandada maliyyə cəhətdən kasadlıq, gecikmələr, problemlər varsa, onda heç vaxt nəticə ola bilməz. Bu, həyatı boyu mümkün deyil! O cümlədən "Səbail"də belə vəziyyətdi. Dedilər ki. sponsorları yoxdu, sonra AFFA baxdı kluba. Gündə bir saytdan oxuyuruq ki, maaşlarını almırlar. O nöqteyi-nəzərdən futbolçularda meydana çıxanda o qədər istək olmur. 

- Proqnozunuz necədi mükafatçılarla, avrokuboklara vəsiqə qazananlarla bağlı?

 - "Qarabağ"ın çempionuğunu deyərdim. Avrokuboklara gedənlərdən dediyim 5 komandadan 4-ü yaz faiz olacaq. Deyəcəksiniz, 8 iştirakçıdan 5-nı saydın, daha nə oldu (gülür). 

- Belə demək olarmı ki, "Qarabağ"da sonra "Qəbələ" ilə "Neftçi"ni hesab edirsiniz əsas namizədlər, "Sabah"la "Zirə"ni də bu sıraya əlavə edirsiniz?

- Bəli, bu iki komanda da namizədimdi.

- Hansı 60-40-a daha şanslı sayırsınız?

- "Zirə"ni deyərdim. Düzü, "Qəbələ"ni bilmirəm, yaxşı komandadı, amma ikinci dövrədə nə olacaq, deyə bilmərəm.

- Daha Zaur Əzizovun ruhu yoxdu, ona görə?

- Yox, komanda Zaur Əzizovun ruhunudan ibarət deyil. Orda baş məşqçi var, futbolçular var. Zaur Əzizov orda menecer işləyib. Menecer də oyunları həll edən bir işçi deyil. Onu işi futbolçu tapmaqdı, onu da tapıb. Orda futbolçular yerindədi, onları oynadan baş məşqçi var. 

- Eləsə nə mənfi təsir göstərə bilər "Qəbələ"? Ehtiyat skamyası qısadı?

- Bəli, skamyasında o qədər oyunçu yoxdu. Deyim ki, həddən artıq - 25-30 futbolçu var, dəyişiklik ola bilər - yoxdu belə bir şey. O planda "Qəbələ"ylə bağlı bir az tərəddüd edirəm. Amma çox səmimi qəlbdən istəyərdim ki, Konfrans Liqasına vəsiqə qazansın. Sadəcə, bir az tərəddüd edirəm - onu yalan danışmayım.

- Qış fasiləsi Kubokun 1/4 final matçları - əsas mərhələsiylə yekunlaşacaq. Sizcə, bu turnir necə göstərə bilər avroboklar mübarizəsinə? Yenə əsas favoritlər - "Qarabağ"la "Neftçi", yoxsa ikinci eşelondakılar daha iddialılar olacaq?

- Həmin ikinci "4-lük"də olan "Keşlə", "Sumqayıt", "Səbail", "Sabah" Avropaya vəsiqəni əldən buraxmamaqdan ötrü Kubokda özlərini çox yaxşı göstərməyə çalışacaqlar. Amma yenə dediyim kimi, inanmıram ki, "Qarabağ" keçən ildən fərqli bu dəfə Kuboku əldən versin. Yaxud da "Neftçi". Məncə, onlar finalda görüşəcək.

- Ancaq onu da nəzərə alaq ki, "Neftçi" üçün son 3 mövsümdə 1/4 final kabusu var...

- Məncə, 2 il "Sumqayıt"la düşəndə olmuşdu.

- Keçən mövsüm də oldu - bu dəfə "Zirə"ylə...

- Hə, doğrudu. Amma belə düşünürəm ki, "Neftçi" bu dəfə şansı əldən verməyəcək.

- Və son olaraq özünüz haqda. "Sumqayıt"ın boş qalan baş məşqçisi postuna dəvət gözləyirsiniz? Hər halda, Rəfiyevlər ailəsi sizə yaxşı tanışdı, bu klubun prezidenti Riad Rəfiyev vaxtilə futbolçunuz olub...

- Bəli, "Karvan"da futbolçum olub. Açığı, təklif gəlməyib mənə, heç gəlməyəcək də. Düşünmürəm zəng eləsin ki, gəl, komandanın baş məşqçisi ol. Buna inamım yoxdu - nə sabah, nə də birigün üçün. Sadəcə, inanmıram ki,  "Sumqayıt"dan mənə təklif gəlsin. 

 

 

MEHMAN SÜLEYMANOV