Misli Premyer Liqasının XXXI turunun "Araz-Naxçıvan" – "Turan Tovuz" oyunundan (1:1) sonra qonaq komandanın məşqçisi Yunis Hüseynov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Qələbə qazanmaq istəyirdik. Komandamız pis təsir bağışlamadı. Əfsuslar olsun ki, qapımızda qol gördük. Buraxdığımız qollara baxsaq, görərik ki, öz səhvlərimizdən buraxırıq. Qarşıda oyunlar var, onlara hazırlaşacağıq. Çalışacağıq ki, yaxşı nəticələr əldə edək. Bu gün 2 xal itirdik.
– "Araz-Naxçıvan"a çatmaq üçün risk etməyiniz gözlənilirdi, amma etmədiz…
– Risk etmək istəmədik. Bu gün qalib gəlsəydik, rəqibə yaxınlaşırdıq. Riskə də getmək istəmədik. Qarşıda 5 tur var və hər şey dəyişə bilər. Bu gün əlimizdə olanlardan istifadə etdik. Zədəlilərimiz çoxdur. Ona görə də, risk etmədik.
– Joarlem zədə səbəbindən oynamadı?
– Bəli. Zədəlilərimiz çoxdur. Dünənki məşqdə də Jo ciddi zədə aldı. Əməliyyat ediləcək. Demək olar, mövsümü bitirib. Zədəlilər qayıtsalar, oyunumuz tamam başqa cür olacaq.