"Qəbələ"yə qarşı çox yaxşı oyun keçirdik. Bütün oyunlarda bu cür çıxış etsəydik, indi çempionluğa oynayırdıq". Bu sözləri Sport24.az-a açıqlamasında Birinci Liqada mübarizə aparan "İmişli"min futbolçusu İdris İnqilablı deyib.
Ötən gün mövsüm ərzində "Qəbələ"nin məğlubiyyətsizlik seriyasına son qoyan "İmişli"nin oyunçusu matçla bağlı fikirlərini bölüşüb:
"Komanda yoldaşlarım əllərindən gələnin ən yaxşısını etdilər. Rəqibə meydanın hər yerində qalib gəldik. Digər oyunların analizini edib səhvlərimizdən dərs çıxarmışdıq. Heç kəs istəməzdi ki, "Qəbələ" uduzmadan çempion olsun. Bir futbolçu kimi bunu həzm edə bilməzdim. Turnir cədvəlində ilk "3-lük"də biz də varıq. Ən azı ikinci yer uğurunda mübarizə aparırıq. Məqsədimiz 3-cü yox, 2-ci olmaqdır. Bəzi matçlarda lazımsız boş-xallar itirməsəydik, indi çempionluğa oynayırdıq".
Qeyd edək ki, "İmişli" - "Qəbələ" qarşılaşması meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.