Misli Premyer Liqasının 30-cu turunda keçirilən "Kəpəz" – "Sumqayıt" (2:1) qarşılaşması futbol yox, hakim qərarları ilə yadda qaldı.
Oyunun baş hakimi Əli Əliyev matç boyu diqqət mərkəzində oldu və xüsusilə "Sumqayıt"ın qapısına təyin edilən iki penalti epizodu ciddi müzakirələrə səbəb verdi.
İkinci penalti epizodu ilə bağlı fərqli fikirlər səslənsə də, birinci qərar praktiki olaraq mübahisə doğurmamalı idi. Top əvvəlcə müdafiəçinin bədəninə dəyir, yalnız bundan sonra ələ toxunur. Futbol qaydalarına görə bu cür epizodlarda penalti verilməsi doğru sayılmır. Buna baxmayaraq, baş hakim "nöqtəni" göstərdi və oyunun taleyinə birbaşa təsir edən qərar qəbul etdi. İkinci penaltidə də hakimin yanlışlığa yol verdiyini görmək mümkündür. Epizodunda təkrarına baxanda "dəri kürə"nin "Sumqayıt"ın müdafiəçinin əlinə yox, başına dəydiyi görünür.
Bu, "kimyaçılar"ın cari mövsümdə hakim ədalətsizliyi ilə üzləşdiyi ilk oyun deyil. Mövsüm boyu bir neçə belə epizod yaşanıb və nəticədə komandanın avrokubok iddiası real təhlükə altına düşüb. Amma "kimyaçılar"ın turnir cədvəlində hansı mövqedə olması heç bir halda ona qarşı haqsız qərarların verilməsinə bəraət qazandıra bilməz. Bir nəfərin bilərəkdən və ya bilməyərəkdən xətaya yol verməsi böyük bir camiənin zəhmətini heçə endirir ki, bu da ədalətsizliyin zirvəsidir. Bəzən "hakim də insandır, səhvə yol verə builər" deyirlər. Bəli, insandır, bəs günlərlə oyuna hazırlaşıb, məşqlərdə qan-tər töküb və sonda "insan hakimin" səhvinə görə meydanı məyus tərk edənlər kimlərdir? Bəlkə onlar insan deyil, onların emosiyaları yoxdu?
Maraqlıdır ki, cəmi beş tur əvvəl – 25-ci turda keçirilən "Kəpəz" – "Qarabağ" (1:0) matçının da baş hakimi yenə Əli Əliyev idi. Həmin görüşdə isə bu dəfə "Qarabağ"ın xeyrinə verilməyən açıq penalti epizodu uzun müddət müzakirə olundu. Rəhim Həsənov qərarın doğru olduğunu bildirsə də, bir neçə hakim həmin epizodun penalti olduğu qənaətindədir.
Eyni hakimin qısa zaman kəsiyində iki oyunda fərqli komandaların taleyinə təsir edən, mübahisəli və ciddi suallar doğuran qərarları artıq təsadüf kimi görünmür.
Biz hakimləri hədəf almaq niyyətində deyilik. Əksinə, onlara müraciət edirik: ədalət tərəzisini düz ölçün. Nə "Kəpəz", nə "Sumqayıt", nə də başqa bir komanda — heç kim güzəşt obyekti olmamalıdır. Futbolun taleyi meydanda həll olunmalıdır, fit səsləri ilə yox.