"Düzdür, "Zirə" ilk oyunda iddiasını ortaya qoydu. Buna baxmayaraq, növbəti mərhələyə "Hayduk"un adlayacağına inanıram". Sport24.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Xorvatiya millisinin sabiq futbolçusu Yuritsa Vranyeş UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk" və "Zirə" komandaları arasında keçiriləcək cavab oyunu barədə danışarkən deyib.
O, azarkeş dəstəyinin Xorvatiya klubuna kömək edəcəyini bildirib: "Cavab görüşündə tribunalar dolu olacaq və azarkeş dəstəyi "Hayduk" üçün əlavə motivasiya deməkdir. Bu, komandanın mərhələ adlamasında önəmli rol oynaya bilər. Yeni baş məşqçi Qonsalo Qarsia intizamlı kollektiv qurub. Əgər onlar "Zirə"ni keçə bilsələr, bu, klub üçün yeni səhifə olacaq. Çünki Split təmsilçisi 18 ildir Avropada uğurlu çıxış edə bilmir".
Qeyd edək ki, Bakıda baş tutan ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Cavab qarşılaşması iyulun 31-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.