"Sabah"ın gürcü futbolçusu Davit Volkov Premyer Liqanın qarşıdakı turunda "Səbail"lə ev matçında da oynamayacaq. Sport24.az xəbər verir ki, buna səbəb 28 yaşlı hücumçunun hələ də zədə üzündən məşq prosesindən kənarda qalmasıdı.
Belə ki, qabırğasında çat yaranan Volkov hələ ki müalicə alır. O, XIII turda "Qarabağ"la Masazırdakı görüşdə fasilədə zədə probleminə görə əvəzlənərək bir daha meydana çıxmayıb.
Əvəzində "Sabah"ın rusiyalı baş məşqçisi Murad Musayev digər legionerin - ispaniyalı mərkəz müdafiəçisi Con İrasabalın xidmətindən istifadə edə biləcək. Belə ki, son 2 turu kənardan izləyən bu stopper artıq zədəsini sağaldaraq komandayla birgə hazırlıq keçir.
Xatırladaq ki, "Sabah" - "Səbail" matçı dekabrın 10-da saat 15:00-da "Bank Respublika Arena"da keçiriləcək.
MEHMAN SÜLEYMANOV