16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyevin Sport24.az-a müsahibəsi
- U-16 yoxlama oyununda Belarusa 2:1 hesabı ilə qalib gəldi. Oyunla bağlı fikirlərinizi bölüşərdiz...
- Çətin matç oldu. Bu komanda ilə 2025-ci ildə ilk toplanışımızdır. Sıxıntılarımızdan biri o idi ki, uşaqlar 3-8 may aralığında pley-off oyunlarında iştirak ediblər. Komanda şəklində tam məşq edə bilməmişik. Pley-offdan dərhal sonra bizə qoşulublar. Demək olar ki, tam şəkildə məşq edə bilmədik. İstədiyimiz kimi olmasa da, qələbə qazandıq. Belə qələbələrə ehtiyacımız var. Ümid edirəm ki, qalibiyyətin ardı gələcək. Digər yaş qruplarında da yaxşı nəticələr əldə olunacaq.
- Sanki ilk hissədə komandanın oyunu alınmırdı. İkinci yarıda daha yaxşı təsir bağışladılar. Bunun səbəbini bilmək olar?
- Səbəb dediyim kimi uşaqlar AFFA-nın bayrağı altında keçirililən liqalarda pley-off oyunlarına çıxmışdılar. Həmin qarşılaşmadan sonra komandaya qoşulublar. Fiziki durumlarında sıxıntılar var, yorğundular. Biz dünən bərpa keçib bu gün matça çıxmışıq. Normal qaydada ilk məşqmiz dünən olub. Təbii ki, sıxıntılar var. İlk toplanışdır, həyəcan olacaq. Beynəlxalq təcrübəmiz də azdır. Bu artıqca inkişaf edəcəklər. Ümid edirəm ki, növbəti oyunlarda komanda daha yaxşı performans göstərəcək.
- Qarşıdakı hədəflər barədə nə deyə bilərsiniz?
- Bu gənc nəsili Azərbaycan futboluna qazandırmaq istəyirik. Toplanışların, hazırlıq proseslərinin sayı çox olsa, futbolçular daha çox inkişafa nail olacaqlar.
- Aşağı liqaların oyunlarını izləyirsiniz. Hansı çatışmazlıqlar var?
- Çempionatların səviyyəsi bir az aşağıdır. Beynəlxalq matçlardan fərqlidir. Uşaqların istədiyimiz tempə, sürətə öyrəşməsi üçün vaxt lazımdır. Liqalarda problemlərdən biri də meydançaların yararsız olmasıdır. Bu səbəbdən istədiyim o keyfiyyəti uşaqlardan ala bilmirəm.
- Sanki oyunboyu hakimlikdən narazı idiz...
- Bu barədə çox danışmaq istəmirəm. Rəqib futbolçumuza dirsək atıldığı üçün etiraz etdim və "sarı" verdilər. Cavan hakimlərimizdir, onlara dəstək olmalıyıq. Bir az daha diqqətli olmalıyıq.
Nuh Tarverdiyev