"Qarabağ" güclü komandadır". Sport24.az xəbər verir ki, bu barədə İslandiyanın "Vestri" komandasının baş məşqçisi Daniel Osafo-Badu mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
"Çox həyəcanlıyam. Sabah güclü komandaya qarşı oynayacağıq. Futbolçularımız üçün çətin olacaq. Amma əlimizdən gələni edəcəyik".
O, Azərbaycan təmsilçisinin keyfiyyətli oyunçularının olduğunu söyləyib:
"Bəzi oyunçular dəyişib. Amma baş məşqçi eynidir. Rəqibin yoxlama matçlarını izləmişəm. "Qarabağ" UEFA Çempionlar Liqasındakı kimi eyni taktikaya üstünlük verir".
Daniel Osafo-Badu ötən mövsüm "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı oyunlarını izlədiyini sözlərinə əlavə edib:
"Futbolçular "Qarabağ"la oyuna hazırdılar. Püşkdə bu rəqib bizə düşəndə sevinmişdilər. Onlar həyəcanlanmışdılar. İndiyədək qarşılaşacağımız ən güclü komandalardan biri də məhz "Qarabağ"dır.
Mütəxəssis Azərbaycanın çox gözəl ölkə olduğunu söyləyib:
"Oyun planımızı açıqlamaq istəmirəm. Rəqibimiz topla oynamağa üstünlük verəcək. Biz əks-hücumda onları yaxalaya bilərik".
Xatırladaq ki, "Qarabağ" - "Vestri" matçı iyulun 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.