"Premyer Liqada ən ağır oyunlar mövsümün sonuna bir neçə tur qalmış olur. "Sabah" təkcə "Qarabağ"la yox, həm də özü-özü ilə mübarizə aparmalıdır". Bu sözləri Sport24.az-a açıqlamasında Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
O, Misli Premyer Liqasında çempionluq uğrunda mübarizədən danışarkən mövsümün bitməsinə 7 tur qalmış vəziyyətin hələ tam aydın olmadığını bildirib:
"Əgər komanda özünü indidən çempion kimi hiss etsə, qarşıdakı oyunlar onlar üçün çətin keçə bilər. Turnir cədvəlində komandaların əksəriyyəti hələ nə Premyer Liqadakı yerini təmin edib, nə də avrokuboklara vəsiqəni. Psixoloji baxımdan özünü vaxtından əvvəl çempion hesab edən komanda "yana" bilər. Gördüyümüz odur ki, "Sabah" bu məsələyə çempion kimi yanaşmır, hər oyuna ciddi hazırlaşır. Yuri Vernidubun "Neftçi"yə gəlişi rəhbərlik tərəfindən uğurlu addım idi. Ukraynalı mütəxəssisin dəvətində məqsəd təkcə gələcəyi düşünmək yox, bu mövsümü də itirməmək idi. Hesab edirəm ki, artıq oyundan-oyuna əvvəlki əzmini qaytaran, daha məzmunlu futbol oynayan bir komandanın şahidiyik. Hələ heç nə bitməyib, gərginlik sona qədər davam edəcək. "Neftçi"li olduğumuz üçün arzulayırıq ki, komanda hədəfinə çatsın".
Qeyd edək ki, Premyer Liqada 26 turdan sonra "Sabah" 65 xalla zirvədə qərarlaşıb. İkinci yerdə olan "Qarabağ"ın aktivində 55 xal var. İlk "üçlüy"ü isə 49 xalla "Turan Tovuz" tamamlayır.