"Zirə"nin minimal hesablı qələbəsini qeyd etmək lazımdır. Amma ümumilikdə elə də dinamik, yüksək tempdə keçən matç izləmədik". Bu sözləri Sport24.az-a açıqlamasında Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 3-cü turu çərçivəsində "Zirə" "Neftçi" qarşılaşmasını şərh edib:
"Oyunun böyük hissəsində komandalar ehtiyatlı futbol nümayiş etdirdilər, risklər çox deyildi. Qəsəbə təmsilçisi hesabda önə çıxdıqdan sonra oyuna nəzarət etməyə çalışdı. "Neftçi" isə hücumda istədiyi kəskinliyi göstərə bilmədi. Burada xüsusilə "Neftçi"nin son 20 dəqiqəni azlıqda keçirməsini qeyd etmək lazımdır. Bu, komandanın onsuz da çətin olan vəziyyətini daha da ağırlaşdırdı. Bir oyunçu az qalanda komandanın həm fiziki, həm də taktiki yükü artır. Müdafiə daha çox işləməli olur, hücuma çıxmaq isə əlavə enerji tələb edir. Bu məqamda "Zirə"dən daha böyük təzyiq və üstünlük gözləmək olardı. Rəqib azlıqda qaldığı halda oyunu daha rahat idarə etmək, ikinci qolu tapmaq üçün imkanlar yaratmaq mümkün idi. Amma həmin dinamikanı tam görə bilmədik. Bəzən məşqçi baxımından bu yanaşmanı başa düşmək olar. Hesab sənin xeyrinədirsə və rəqib azlıqda oynayırsa, əsas məqsəd üstünlüyü itirməməkdir. "Ağ-qaralar" isə sayca az olmasına baxmayaraq sona qədər mübarizə apardı. Nəticədə "Zirə" vacib üç xal qazandı, amma oyunun keyfiyyəti baxımından hər iki komandanın üzərində işləməli olduğu məqamlar var Bir sözlə, nəticə "Zirə"nin xeyrinədir, amma oyun baxımından yadda qalan, yüksək tempdə keçən qarşılaşma olmadı".
Qeyd edək ki, "Zirə" "Neftçi" qarşılaşması meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.