"Yenilənmiş stadionda ilk matça çıxmaq möhtəşəm hisslərdir. Uzun müddətdən sonra doğma meydanda azarkeşlərimizin qarşısında oynamaq bizim üçün xüsusi motivasiya idi". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Əli Səmədov deyib.
Komandanın kapitanı Misli Premyer Liqasının 3-cü turunda "Turan Tovuz"a qalib gəldikləri oyunu şərh edib:
"Azarkeşlər stadionun böyük hissəsini doldurmuşdu və onların dəstəyini bütün oyun boyu hiss etdik. Belə atmosferdə meydana çıxmaq hər bir futbolçu üçün xoşdur. Doğma meydana qayıdışı qələbə ilə qeyd etdiyimiz üçün çox sevincliyik. Bizim bu arenada ilk oyunun qələbə ilə başa çatması yadda qalan oldu. Qarşılaşma asan keçmədi, amma sona qədər mübarizə apardıq və istəyimizə çatdıq. Bu qələbənin komandaya əlavə inam verəcəyini düşünürəm. Qarşıda bizi uzun və çətin mövsüm gözləyir. Hər görüşə ciddi hazırlaşmalı, maksimum xal toplamağa çalışmalıyıq. Bu mövsüm üçün hədəfimiz mümkün qədər çox xal toplayıb turnir cədvəlində daha üst pillələrdə qərarlaşmaqdır. Sırf Premyer Liqada qalmaq üçün oynamırıq. Komanda olaraq daha böyük hədəflərimiz var. Təbii ki, bunun üçün hər oyunda maksimumu verməli, həm meydanda, həm də məşqlərdə daha yaxşı olmalıyıq. İnanıram ki, qarşıdakı turlarda da yaxşı nəticələr qazanaraq azarkeşlərimizi sevindirə biləcəyik".
Qeyd edək ki, "Kəpəz" "Turan Tovuz" matçı meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.