"İlk oyunda "Sabah" potensialını ortaya qoyub rəqibdən heç də zəif oyun nümayiş etdirmədi. Cavab matçında müsbət nəticə əldə etmək mümkündür. Şansı gözləmək və həmin şansdan mütləq şəkildə istifadə etmək lazımdır". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.


Məşqçilər Komitəsinin sədri "Sabah"ın Sloveniya təmsilçisi "Çeyle" ilə UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmasından gözləntilərini bölüşüb:

"Mərhələni keçmək möcüzə olar demək, doğru deyil. İlk oyunda göstərdiyi oyunla "Sabah"ın rəqibdən zəif olduğunu söyləmək mümkün deyil. Sloveniya təmsilçisinin ötən mövsüm Konfrans Liqasının 1/4-də oynadığını deyirlər. Masazırda izlədiyimiz qarşılaşmada "Sabah" səviyyə baxımından rəqibdən heç də geri qalmırdı. Ötən gün klublar arası dünya çempionatının finalında PSJ favorit göstərilsə də "Çelsi" qalib gəldi. "Sabah" da cavab oyununda rəqibdən çəkinməməlidir. Yaddan cıxartmayaq ki, "bayquşlar" Azərbaycan Kubokunun finalında "Qarabağ" kimi güclü rəqibi məğlub ediblər. Nəyin hesabına? Təbii ki, motivasiya və istəyin sayəsində kuboku baş üzərlərinə qaldırdılar. Həmin istəklə də cavab qarşılaşmasına çıxmalıdırlar. Bu gün "Qarabağ"la "Çeyle"ni müqayisə etsək, ağdamlıların onlardan qat-qat güclü olduğunu deyə bilərik".

Qeyd edək ki, komandalar arasında ilk oyun təmsilçimizin 2:3 hesabı ilə məğlubiyyəti ilə başa çatıb.