"Nəinki yer aldığı qrupun, ümumiyyətlə, mundialın favorit hesab olunan Portuqaliya ilk turda öz potensialını tam nümayiş etdirə bilmədi. Bununla belə, nəzərə almaq lazımdır ki, Özbəkistan dünya çempionatında debütandır. İlk oyunda məğlub olsalar da, heç də pis təsir bağışlamadılar. Hər qarşılaşma onlar üçün böyük təcrübədir, Portuqaliya ilə oyun isə bu baxımdan ikiqat əhəmiyyət daşıyır. Bu görüşün favoriti Portuqaliyadır. Lakin Kannavaronun komandası da dünya çempionatına təsadüfən vəsiqə qazanmadığını sübut etməyə çalışacaq". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov səsləndirib.
Təcrübəli mütəxəssis dünya çempionatının ikinci turu çərçivəsində keçiriləcək Portuqaliya – Özbəkistan, İngiltərə – Qana, Panama – Xorvatiya və Kolumbiya – Konqo Demokratik Respublikası oyunları ilə bağlı gözləntilərini də bölüşüb:
"İngiltərə – Qana görüşü də kifayət qədər maraqlı görünür. Tomas Tuxelin komandası ilk oyunda Xorvatiya kimi güclü rəqibə qarşı amansız oldu. Bir çox mütəxəssis İngiltərəni turnirin əsas favoritlərindən biri hesab edir. Düşünürəm ki, onlar bunu bir daha təsdiqləməyə çalışacaqlar. Qana isə Afrikanın ən güclü komandalarından biridir. Üstəlik, ilk turda qələbə qazandıqları üçün bu oyuna yüksək əhval-ruhiyyədə çıxacaqlar. Maraqlı və gərgin qarşılaşma gözlənilir. İlk baxışdan heç-heçənin hər iki tərəfi qane edə biləcəyini düşünmək olar. Fikrimcə, meydanın hər qarışı uğrunda ciddi mübarizə gedəcək.
Panama – Xorvatiya görüşündə favorit kimi Xorvatiyanı görürəm. Komanda həm heyətinin keyfiyyəti, həm də beynəlxalq turnirlərdə qazandığı təcrübə baxımından rəqibindən üstündür. Panama sona qədər mübarizə aparmağa çalışacaq, lakin Xorvatiyanın oyuna nəzarət edəcəyini düşünürəm.
Kolumbiya – Konqo Demokratik Respublikası qarşılaşması da maraq doğurur. Kolumbiya son illərdə sabit çıxışı və nizamlı oyunu ilə seçilir. Konqo Demokratik Respublikası isə fiziki gücü və sürətli əks-hücumları ilə təhlükəli rəqibdir. Buna baxmayaraq, ümumi potensial və oyun keyfiyyəti baxımından Kolumbiyanı üstün hesab edirəm. Düşünürəm ki, Kolumbiya meydandan üç xalla ayrılmağa daha yaxındır".