Elitanı tərk edən "Qəbələ" ilə yollarını ayıran Urfan Abbasov Sport24-az-a müsahibə verib. "Qırmızı-qaralar"ın sabiq üzvü komandadan gedişinin səbəbini söyləməklə yanaşı, bizi maraqlandıran başqa suallara da cavablandırıb.


- İstirahətin necə keçir?
- Fürsətdən istifadə edib həm istirahət, həm də zədəmi bərpa edirəm. Məşqsiz də qalmıram.

 

- Çimərlik mövsümü təzə açılıb, amma xeyli qaralmısan. Dənizə bu qədər susamışdın?
- Dənizə susamamışam (gülür). Sadəcə, bu aralar tez-tez dəniz kənarında qaçıram.

 

- "Araz-Naxçıvan"a keçidində əsas amili nə oynadı?
- Bu komandanı seçməyimdə  başlıca səbəb məşqçilər korpusu oldu. Başda Elmar Baxşıyev olmaqla, məşqçilər heyəti həm insan, həm futbolçu kimi məni yaxşı tanıyır. Onlar məni komandada görmək istədilər və təklifi müsbət dəyərləndirdim.  

 

- "Qəbələ"ylə müqavilən davam edirdi. "Qırmızı-qaralar"ın rəhbərliyi istədiyin məvacibi versəydi, klubda qalardın?
- "Qəbələ"dən ayrılmağım maddiyatla bağlı deyil. Klub rəhbərliyi Premyer Liqadakı məvacibimi verməyə hazır idi. Sadəcə, zədəli olmağım fərqli qərar verməyimə səbəb oldu. Zədəmi yeni sağaldıram. Məhz bu səbəbdən klubdan ayrıldım. Bu gün I Liqa klublarının hansının stadionu ürəkaçandı? Demək olar, heç birinin. Ona görə tək maddiyatı yox, sağlamlığı da nəzərə almaq mütləqdi.


 

- Gələn mövsüm "Araz-Naxçıvan" hansı hədəflər uğrunda mübarizə aparacaq?
- Hazırda klub rəhbərliyi baş məşqçinin istəyinə uyğun yaxşı heyət yığır. Baxşıyev güclü komanda formalaşdırmaq istəyir. Klubun qarşısına gələn mövsümdə daha iddialı olmaq hədəfi qoyulub. Mən də daxil bütün futbolçular "Araz-Naxçıvan"ı irəli aparmaq üçün əlimizdən gələni edəcəyik.

 

- "Qəbələ"dən tanıdğın Xaqani Məmmədov "Araz-Naxçıvan"da da Elmar Baxşıyevin köməkçisi idi. Ancaq onu klubdan uzaqlaşdırdılar…
- Mən futbolçuyam. İşim meydana çıxıb futbol oynamaqdı. Məşqçilər korpusunun işinə qarışa bilmərik. Xəqani Məmmədovun "Araz-Naxçıvan"dan ayrıldığını mətbuatdan oxumuşam. Ona gələcək işlərində uğurlar arzulayıram.

 

- Növbəti mövsüm I Liqada çıxış edəcək "Qəbələ"nin yenidən elitaya dönəcəyinə inanırsan?
- "Qəbələ" iddialı klubdu. Onların növbəti mövsüm Premyerv Liqaya qayıdacağına da inanıram.  

 

- "Qırmızı-qaralar" elitaya qayıtsa, səni yenidən komandanın heyətində görmək olar?
- "Qəbələ" hər zaman mənim ürəyimdədi. Bu klubun yetirməsiyəm. Böyük futbolda olduğumua görə "Qəbələ" rəhbərliyinə borcluyam. Nə vaxtsa "qırmızı-qaralar"a qayıdacağıma inanıram. Təbii ki, sağlamlığım imkan verəcəksə və şərait də uyğun olacaqsa, həmişə doğma komandam üçün gücümü səfərbər etməyə hazıram.

ABDULLA İSMAYILOĞLU