UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, "Qarabağ" – "Tvente" qarşılaşması bu göstəriciyə görə turnirdə keçirilən cavab oyunları arasında üçüncü yeri tutub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşü 28 min 869 tamaşaçı tribunadan izləyib. Bakıdakı qarşılaşma beləliklə, Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları arasında ən çox azarkeş toplayan üç matçdan biri olub.
Bu göstəricidə ilk pillədə 50 min azarkeşlə "Ayaks" – "Sion" görüşü qərarlaşıb. "Frayburq" – "Mothervel" matçı isə 30 min tərəfdarın iştirakı ilə ikinci olub.
Xatırladaq ki, əlavə vaxtda "Tvente"yə 1:4 uduzan "Qarabağ" UEFA Konfrans Liqası ilə vidalaşıb.