Azərbaycan Premyer Liqasında 2020/21 mövsümündə XVII tur arxada qaldı Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək​, bu dəfə son turun "simvolik yığması"nı təqdim edir.

"Simvolik yığma"

Qapıçı: Anar Nəzirov ("Qəbələ", 2)

Müdafiəçilər: Qismət Alıyev ("Zirə", 3) - Şəhriyar Əliyev ("Keşlə", 2) - Nemanya Andelkoviç ("Zirə") - Abbas Hüseynov ("Qarabağ", 2) 

Yarımmüdafiəçilər: Nikolas Raysel ("Qəbələ", 2) - Riçard Almeyda ("Zirə") - Xayme Romero ("Qarabağ")

Hücumçular: Ceyms Adeniyi ("Qəbələ") - Tiemoko Fofana ("Sabah") - Davit Volkov ("Zirə", 4)

Turun BAŞ MƏŞQÇİsi - Rəşad Sadıqov ("Zirə", 2)

"Zirə" "Neftçi"yə ölkə Kubokunda da zərbə vurdu, çempionluq yolunda da. Özü də bu mövsümdə keçirilən həmin matçda Rəşad Sadıqovun komandası rəqibinə nəinki uduzmayıb, ondan qol da buraxmayıb. Bu isə məhz gənc mütəxəsssisin birbaşa əməyinin nəticəsidi. Sadıqovun "Neftçi"ni yaxşı analiz etməsinin, düzgün taktika qurmasının nəticəsidi ki, sonda komandası uğurlu nəticəylə bunun bəhrəsini görür. 39 yaşlı mütəxəssis sübut etdi ki, indiyədək olan nəticələr, xüsusilə Kubokdakı təsadüfi deyildi.

Turun QƏHRƏMANı - Xayme Romero ("Qarabağ")

Bu turda qələbələr minimal hesablı oldu və qələbə toplarının müəllifləri arasında Xayme Romeronun kimi fərqləndirdik. Hər halda, "Qarabağ" "Qəbələ" və "Zirə"dən fərqli ona 3 xal gətirən qolu daha gec vurdu. Və ən əsası, bu zaman Romeronun ustalığı öz sözünü dedi. İspan vingerin uzaq məsafədən cərimə zərbəsindən sonra sol ayaqla topu "doqquzluğ"a elə göndərdi ki, "Səbail"in qapıçısı Nikolas Hagen bunun qarşısında aciz qaldı. Romeronun bu bacarığı olmasaydı, komandasının çempionluq yolunda vacib 2 xal itirəcəyi real görünürdü.

Turun ANTİQƏHRƏMANı - Tallison Diaz ("Neftçi")

"Neftçi"nin məğlubiyyəti müdafiə xəttinin buraxdığı kobud səhvin nəticəsi idi. Burda sol cinah müdafiəçisi Talisson Diasın "əməyi" daha çox oldu. Çünki mərkəz müdafiəçiləri - Anton Krivotsyukla Vojislas Stankoviç süni ofsayd yaratdıqları zamanı məhz Talisson bunu pozdu. Nəticədə Volkov Almeydanın uzun ötürməsindən sonra topu sinəsiylə qəbul edərək qapıçıyla təkbətək çıxdı və Diaz sonadək onunla mübarizə apararaq qapıya zərbə vurmasına da mane ola bilmədi.

Turun KOMANDASı - "Qəbələ" (2)

"Qəbələ"nin "Sumqayıt"la evdə çıxış etsə də, qələbə şansları heç də yüksək qiymətləndirilmirdi. Bu da əyalət təmsilçisinin üzləşdiyi çətinliklərlə bağlı idi. Əvvəla, "Qəbələ" bundan əvvəlki turda "Neftçi"ylə səfər matçında son saniyələrdə buraxdığı qolla uduzaraq ilk növbədə psixoloji baxımından ağır zərbə almışdı. Bundan əlavə, həmin görüşdə baş məşqçisi Elmar Baxşıyev qırmızı vərəqə aldığından bu dəfə cəzalı idi və onu "texniki zona"da köməkçisi Xaqani Məmmədov əvəzləyirdi. Və üçüncüsü də əqib qış fasiləsində sonra qələbələri sıralayan, Kubokda da mərhələ adlayan "Sumqayıt" idi. Ancaq bütün bunlara baxmayaraq, qəbələlilər toparlandılar və layiqli, vacib qələbə qazandılar. Ona görə vacib ki, "Qəbələ" özündən 1 pillə irəlidə olan sumqayıtlılarla xal fərqini 2-yə azaltdı. 

Turun SENSASİYAsı - "Zirə" - "Neftçi" - 1:0

İlk baxışdan onu deyə bilərsiniz ki, "Neftçi" onsuz da bu mövsüm "Zirə"yə qalib gəlmir. Ancaq onu da unutmayaq ki, Samir Abasov "ağ-qaralar"la Premyer Liqada bunadək uduzmamış, 7 matçından 6-da qalib gəlmiş, son 5 turda qələbə seriyası olmuşdu. Hətta "Qarabağ" da evdə Abasovlu "Neftçi"dən 1 xal belə ala bilməmişdi. Bu baxımdan "Zirə"nin lider üzərində qələbəsini gözlənilməz nəticə saymaq olar.

Turun HAKİMi - Əliyar Ağayev (6, "Zirə" - "Neftçi")

Bu nominasiya da Zirədəki matçdandı. Hər halda, onu unutmayaq ki, bu, turun mərkəzi görüşü idi. Bundan əvvəlki turda Yunanıstan Super Liqasında həm idarəçilik edən, həm də VAR hakimi olan Əliyav yenə Premyer Liqaya qayıtdı və yenə işinin öhdəsindən layiqincə gəldi. Bununla da 34 yaşlı Ağayev turun hakimi nominasiyasında aşkar lider olaraq qalır - 6 dəfə.

Turun SİTATı - Samir Abasov (2, "Zirə" - "Neftçi")

Ən sonuncu nominasiyamız da liderin matçından - liderin baş məşqçisindədi. Samir Abasov arxa xətt üzvlərinin cəzalandıracağı mesajını göndərdi: "Günahkarlar var, 2-3 futbolçu var ki, onlara əsəbiyəm".