Azərbaycan Premyer Liqasında 2020/21 mövsümündə XVI tur sona çatdı. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək, bu dəfə son turu dəyərləndirir.
"Simvolik yığma"
Qapıçı: Mehdi Cənnətov ("Sumqayıt", 2)
Müdafiəçilər: Süleyman Əhmədov ("Sumqayıt", 2) - Adil Nağıyev ("Səbail", 3) - Höccət Haqverdi ("Sumqayıt", 2) - Məqsəd İsayev ("Səbail")
Yarımmüdafiəçilər: Ağabala Ramazanov ("Zirə", 3) - Vüqar Mustafayev ("Sumqayıt", 3) - Emin Mahmudov ("Neftçi", 3) - Nicat Qurbanov ("Keşlə")
Hücumçular: Davit Volkov ("Zirə", 4) - Amil Yunanov ("Səbail", 2)
Turun BAŞ MƏŞQÇİsi - Ayxan Abbasov ("Sumqayıt", 4)
"Qarabağ" Sumqayıtda bu çempionatda 2-ci səfərində də büdrədi. "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovun komandasını oyuna yaxşı hazırlaması, motivasiya etməsi, düzgün taktikası yenə öz sözünü dedi. Özü də gənc mütəxəssisin heyətlə bağlı yetərincə qayğıları vardı. Bu da ilk növbədə birdən-birə 3 müdafiəçinin zədəli olması idi. Üstəlik, 71-ci dəqiqədə qış transferi, arxa xəttə başçılıq edən iranlı mərkəz müdafiəçisi Höccət Haqverdi də sıradan çıxdı. Bu anda Abbasovun meydanda düzgün yerdəyişməsi vacib rol oynadı. Belə ki, o, müdafiəçi Eltun Turabovu yarımmüdafiənin mərkəzinə buraxdı, orda çıxış edən kapitan təcrübəli Vüqar Mustafayevi müdafiənin mərkəzinə çəkdi.
Turun QƏHRƏMANı - Emin Mahmudov ("Neftçi")
Kapitan hər zaman komandanı arxasınca aparmalı, lazım olan anda səhnəyə çıxmalı, onu xilas etməlidi. Bunu "Neftçi"nin bazubənd sahibi Emin Mahmudov son turda parlaqcasına nümayiş etdirdi. Təcrübəli mərkəz yarımmüdafiəçisi son saniyələrdə lazımı yerdə olaraq uzaq küncü dəqiq nişan aldı. Onun bu qolu "Neftçi"ni çempionluq mübarizəsi apardığı "Qarabağ"dan 1 yox, artıq 3 irəlidə olması demək oldu.
Turun ANTİQƏHRƏMANı - Dmitrios Çantakias ("Zirə", 2)
Meydana sonradan çıxan hər bir futbolçuya böyük ümidlər olur. Hər halda, baş məşqçi onu komandaya köməyə etməyə buraxır, onu çətin vəziyyətə salmağa yox. "Zirə"nin yunanıstanlı müdafiəçisi Dmitrios Çantakias isə məhz çətin vəziyyətdə qoydu. Hər halda, 55-ci dəqiqədə meydana daxil olasan, bundan cəmi 6 dəqiqə sonfra topsuz mübarizədə rəqibə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alasan. Özü də Çantakiasın bu hərəkəti ona görə bağışlanmazdı ki, debüt mövsümünü keçirdiyi Premyer Liqamızda 2-ci dəfədi meydandan qovulur. Bunadək XIII turda "Qarabağ"la çətin səfər matçında 5 dəqiqədə 2 sarı vərəqə alaraq komandasını azlıqda qoymuşdu. Bu isə birbaşa nəticəyə təsir göstərmişdi. Çünki bunadək hesabda 2:1 irəlidə olan "Zirə" məhz 10 nəfərlə qalandan sonra 2 qol buraxaraq uduzmuşdu - 2:3. Yəni, Dmitrios mütləq qısa zamanda - 5-6 dəqiqəyə matça pis mənada damğasını vurur.
Turun KOMANDAsı - "Səbail" (2)
Turun ən inamlı qələbəsi məhz "Səbail"dən gəldi. Hər halda, "dənizçilər" rəqibini - bunadək Zirə səfərindən xalla dönən "Sabah"ı tam üstələyərək 2 top fərqiylə qalib gəldi. Özü də qış fasiləsindən sonra uğursuz çıxış edən, Kubokda da mübarizəni dayandıran Aftandil Hacıyevin komandası toparlanaraq bu qələbəyə imza atdı.
Turun SENSASİYAsı - "Sumqayıt" - "Qarabağ" - 0:0
"Qarabağ"ın bu turda qələbəsi gözlənilirdi. Hər halda, "Neftçi"yə evdə uduzaraq liderliyini əldən verəndən sonra Sumqayıt səfərindən 3 xalla dönməsi çoz lazım idi. Üstəlik, bu rəqiblə son görüşündə onu darmadağın etmişdi - 6:1. Ancaq Qurban Qurbanovun komandası bu dəfə "Sumqayıt"ın qapısına heç bir dəfə də yol tapa bilməyərək, vacib 2 xal itirdi. Deyəsən, belə gedişlə "Qarabağın Sumqayıtda qələbə qazana bilməsi artıq sensasiya yox, gözlənilən nəticə olacaq.
Turun HAKİMi - Rəşad Əhmədov ("Sumqayıt" - "Qarabağ" - 0:0)
Haqqında danışdığımız bu matçı idarə edən Rəşad Əhmədov turun hakimi nominasiyasında fərqləndi. Bu gənc referi bu çətin qarşılaşmada işinin öhdəsindən layiqincə gəldi. Əslində, hakim elə idarəçilik etməlidi ki, meydanda olduğunu hiss etdirməməlidi. Azərbaycan milli çempionatları tarixində uzun illər hakimlik etmiş Rövşən Əhmədovun oğlu Rəşad buna nail olaraq, qətiyyətli idarəçiliyi ilə yadda qaldı.
Turun SİTATı - Elmar Baxşıyev ("Qəbələ", 2)
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev 2-ci dəfədi bu nominasiyada fərqlənir. Bu dəfə qırmızı vərəqə alaraq "texniki zona"dan çıxarılan 41 yaşlı bu mütəxəssis mətbuat konfransında hakimlik haqda odlu-alovlu danışdı: "16 tura 11 metrlik cərimə zərbəsi vurmamışıq, inanıram bundan sonra da vurmayacağıq. Hər oyun bizə qarşı hakim antipatiyası var".