Azərbaycan Premyer Liqasında (APL) cari mövsümün XVII turu arxada qaldı. Sport24.az son turun maraqlı məqamlarından ibarət "Top-5"i təqdim edir.

Bu ilin antirekordu, bu mövsümün...

Məlumdur ki, bu turda "Qəbələ" evdə "Sumqayıt"ı, "Zirə" "Neftçi"ni, "Qarabağ" "Səbail"i 1:0 hesabı ilə məğlub edib, "Sabah" - "Keşlə" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1. Göründüyü kimi, çox aşağı məhsuldarlıq qeydə alınıb - qapılara cəmi 5 top vurulub. Bu isə qış fasiləsindən sonra antirekord, cari mövsümün antirekordunun təkrarlanması deməkdi.

Bu çempionatda XI turda da qapı torları 5 dəfə silkələnib. Maraqlıdı ki, onda da bu cütlər olub. Sadəcə, indi meydan sahibləri olanlar həmin vaxt səfərdə çıxış ediblər. Hər iki turda orta məhsuldarlıq 1,25-ə bərabər olub.

Onu da bildirək ki, ən çox qol X turda vurulub. Həmin vaxt komandalar 19 dəfə fərqlənə bilib və orta məhsuldarlıq 4,75-ə çatıb.

Tək "Zirə" qaldı

APL-də qış fasiləsindən sonra birdən-birə iki komanda ilk məğlubiyyətini alıb. Bunlar "Sumqayıt"la "Neftçi"di. Hər iki komandanın hesabında 3 qələbə vardı. Ancaq bu dəfə səfər matçları hər ikisi üçün uğursuz olub. Belə ki, "Sumqayıt" "Qəbələ"yə, "Neftçi" isə "Zirə"yə onun meydanında 0:1 hesabıyla yenilib. Ayxan Abbasovun yetirmələri son dəfə keçən ilin son görüşündə "Sabah"a evdə 1:2 hesabıyla uduzmuşdu. "Neftçi" isə IX turda "Qarabağ"dan 0:6 hesablı yenilgidən sonra çempionatda məğlubiyyət nə olduğunu bilmirdi. 

Beləliklə, bu il Premyer Liqada uduzmayan tək komanda qaldı - "Zirə". Rəşad Sadıqovun yetirmələri hətta Kubokda da yenilməyib. Bu isə 6 oyunluq məğlubiyyətsiz seriya deməkdi. "Qartallar" son dəfə qış fasiləsinə yollananda uduzmuşdu - "Qarabağ"a səfərdə 2:3. 

Samir Abasov dayandı

"Zirə"nin "Neftçi"ni yenməsi rəqibinin baş məşqçisi Samir Abasovun çempionatda hazırkı komandasıyla məğlubiyyətsiz seriyasının qırılması demək oldu. Çünki 43 yaşlı bu mütəxəssis bunadək 7 turda 6-da qələbəyə, 1-də heç-heçəyə imza atmışdı. Maraqlıdı ki, yeganə qələbəsizlik məhz "Zirə"ylə görüşə təsadüf etmişdi - XI turda "Bakcell Arena"da 0:0. 

"Zirə" ümumiyyətlə, Abasovlu "Neftçi"nin kabusuna çevrilib. Axı, "ağ-qaralar" Kubokda da bu rəqiblə dueldə uğursuzluq yaşayıb - evdə 0:1, səfərdə 0:0. Göründüyü kimi, Abasov "Zirə"ylə matçlarda nəinki qələbə, qol sevinci də yaşamayıb. "Neftçi" ilk dövrədə Füzuli Məmmədovun baş məşqçiliyi dövründə də bu rəqiblə görüşdə həmin ssenarini yaşayıb - səfərdə 0:1. 

504 gün, 464 dəqiqə

"Zirə"nin bu mövsüm "Neftçi"ylə matçlarda qolsuzluq seriyası artıq 450 dəqiqəyə çatıb. Bu, ölkə Kubokunu da nəzərə alsaq, artıq 5 matçdan ibarətdi. Həmin görüşlərin hamısında qapıda yay transferi olan braziliyalı Mateus Albino olub.

Bilindiyi kimi, keçən çempionat koronavirus pandemiyasına görə XX turda dayandırılıdı və bundan sonra keçirilməyərək, mövsüm yarımçıq başa çatdırıldı. Maraqlıdı ki. III dövrənin son turunda məhz "Zirə"ylə "Neftçi" görüşməli idi. Bu komandaların son qarşılaşması həmin çempionatın II dövrəsində - 2019-cu il oktyabrın 10-da VIII turda "Bakecll Arena"da olub. "Neftçi" bu matçda qələbəni böyükhesabla qazanıb - 3:0. "Ağ-qaralar"ın "Zirə"yə son qolunu hazırda da heyətində olan fransalı hücumçusu Stiven Monroz imza atıb. Onun 76-cı dəqiqədə fərqləndiyini nəzərə alsaq, "Neftçi"nin bu rəqiblə görüşlərdə qol vura bilməməsi ümumulikdə 464-cü dəqiqəyə çatıb. 

Yeni antirekordçu

Cari çempionatda qələbəsizlik seriyasında yeni antirekord qeydə alınıb. Buna "Keşlə" imza atıb. Belə ki, paytaxt təmsilçisi artıq ardıcıl 8 turdu qələbə üzünə həsrət qalıb. "Keşlə" "Qəbələ"nin cari çempionatdakı antirekordunu yeniləyib. Elmar Baxşıyevin komandası ill dövdərə qalibiyyət yaşaya bilmədiyindən, 7 oyunluq qələbəsiz seriyası olmuşdu. Maraqlıdı ki, "Keşlə" Premyer Liqada son qələbəsini IX turda məhz "Qəbələ" üzərində qazanıb - evdə 3:1.