Növbəti mövsümdə Premyer Liqada çıxış edəcək "Turan Tovuz" heyətini təcrübəli futbolçularla gücləndirmək fikrindədi. Sport24.az-ın əldə etdiyi məlumata görə, komandanın yeni baş məşqçisi Ayxan Abbasovun transfer siyahısında tovuzlu futbolçular xüsusi yer alıb və onlardan adları bəlli olanlar da var.
Söhbət "Şamaxı"nın futbolçuları - qapıçı Kamal Bayramovla hücumçu Amil Yunanovdan gedir. Hər ikisinin müqaviləsi bitib və son klubunda az oynayan bu duet doğma Tovuzun uzun fasilədən sonra çıxış edəcək Premyer Liqa təmsilçisinə yardımçı olmaq istəyirlər. Bu haqda tərəflər arasında danışıq da olub. Sadəcə, ilkin razılığı müqavilə imzalanmasıyla rəsmiləşdirmək lazımdı. Bunun üçünsə klubun yeni mövsümə büdcəsinin təsdiqlənməsi vacib amildi.
Onu da bildirək ki, Bayramovla Yunanov Abbasovun özünə yaxşı tanış futbolçulardı. Belə ki, Kamal "Zirə"də, Amil "Sumqayıt"da rəhbərliyi altında çıxış edib.
Abbasova daha bir tanış futbolçu əslən Tovuzdan olmasa da, o da yol üstündədi. Söhbət "Sumqayıt"da birgə işlədiyi qapıçı Tərlan Əhmədlidən gedir. Tərlan Andrey Popoviçin gəlişindən sonra "gənclik şəhəri"nin təmsilçisində oynamadı və müqaviləsi başa çatan klubdan getmək fikrindədi.
"Sumqayıt"ın üzvü olan tovuzlu futbolçu Elvin Məmmədov da trasnfer siyahısında yer alıb. Özü də 34 yaşlı bu yarımmüdafiəçi Abbasovla həm "Zirə"də, həm də "Sumqayıt"da işləyib, hətta kapitanı olub. Həm də Elvin digər adıçəkilən futbolçulardan fərqli yetirməsi olduğu "Turan"la Premyer Liqada ilk addımlarını atıb. Məmmədov da "Sumqayıt"da əsas heyətə düşmür və müqaviləsi də başa çatdığından sərbəst futbolçu olur.