"Tovuz Gənclər Evi" Sosial xidmətlər müəssisəsinin Ünsiyyət klubunun daun sindromlu və autizmli üzvləri Tovuz şəhər stadionuda qonaq olublar. Sport24.az xəbər verir ki, uşaqlar və valideynlərlə keçirilən görüşdə "Turan Tovuz" PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyev xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstəyin klub üçün vacib istiqamətlərdən biri olduğunu və bu cür aksiyaların davamlı şəkildə həyata keçiriləcəyini vurğulayıb.
"Nəfəs" İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində uşaqlara hədiyyələr təqdim olunub. Daun sindromlu və autizmli uşaqlar üçün motivasiya mühiti formalaşdırmaq, onların özünəinam hissinin artırılmasına, cəmiyyətdə inklüzivlik dəyərlərinin təşviqinə dəstək göstərmək məqsədilə stadiona dəvət olunan qonaqlar "Turan Tovuz" – "Sabah" oyununu izləyiblər.