"Turan Tovuz" yeni mövsümdən etibarən ev oyunları üçün elektron bilet satışına start verir. Sport24.az xəbər verir ki, bu addım stadionun UEFA tələblərinə uyğunlaşdırılması istiqamətində atılıb.

 

"Birbilet.az" platforması ilə qurulan əməkdaşlıq sayəsində azarkeşlər artıq kassalarda vaxt itirmədən biletlərini internet üzərindən ala biləcəklər.

 

Mövsümlük bilet sahibləri isə arena daxilində istədikləri yeri öncədən seçmək və çempionat boyunca bütün qarşılaşmaları həmin oturacaqdan izləmək imkanı qazanacaqlar.

 

Şəhid ailələri və qazilər üçün nəzərdə tutulmuş xüsusi sektora dəvətnamələr stadionun kassalarında pulsuz təqdim olunacaq.

 

Onlayn bilet almaqda çətinlik çəkən azarkeşlər üçün arena kassalarında fiziki bilet satışı da həyata keçiriləcək.

 

Xatırladaq ki, stadiona daxil olmaq üçün fiziki və ya elektron biletin üzərindəki QR kodu turniketdə oxutmaq mütləqdir.

 

Çempionatın ilk matçının biletləri sabah saat 11:00-dan etibarən satışda olacaq.