Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən "Sabah" – "Orhus" oyunundan (4:0) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

 

– Futbolçularımla qürur duyuram, onlara təşəkkür edirəm. Bugünkü qələbədə hər kəsin əməyi oldu. Məğlub olduğumuz səfər oyunundan dərslər çıxardıq. Bu matçdan sonra özümüzə daha çox inanırdıq və hazırlıqlı idik. Oyundan əvvəl də qeyd etmişdim, kim hazır olacaq, kim az səhvlər edəcək, mərhələ adlayacaq. Detallar bu gün önəmli rol oynadı. Səhvləri düzgün təhlil etdik və meydanda tapşırıqları doğru icra etdik. İlk hissədə rəqibə sadəcə bir şans verdik və bu anda qapıçımız gözəl seyv etdi. Oyunun əvvəlindən sona qədər daha istəkli tərəf biz idik. Ritmi saxladıq, oyuna nəzarət etdik. İlk qol psixoloji əngəli aşmaq üçün çox vacib idi. Fərqi artırandan sonra daha rahatlaşdıq və fərqi artırmağı bacardıq. İndi bu qələbəni qeyd etməli, növbəti gündən hazırlıqlara yenidən başlamalıyıq. Bugünkü qələbəyə görə çox xoşbəxtəm.

 

 

– Pley-offda hansı komandanı rəqib görmək istərdiniz?


– Səmimi desəm, bu haqda düşünmürəm. Kimin bizə uyğun olduğunu bilmirəm. Əvvəlcə qarşıdakı "Kəpəz"lə matça hazırlaşmalıyıq. Mövsümün ilk çempionat oyunudur, rəqibi tanımırıq, heyətlərində yeni oyunçular var. Fərqli emosiya, əhval olacaq. Buna görə də indi sadəcə "Kəpəz" haqqında düşünəcəyəm.

 


– Bu mövsüm azarkeşlərinizin önündə qol buraxmadan qələbələr qazanırsınız. Bu, nədən irəli gəlir?

 

– Xüsusi resept yoxdur. Çalışırıq ki, dominant olaq, üstün futbol sərgiləyək. Fərqli rəqiblər, fərqli sistemlərə qarşı hazırlaşırıq. Məsələn, TNS və "KuPS" daha kompakt müdafiə olunmağı bacaran komanda idi. Onlara qol vurmaqda çətinlik çəkmişdik. Bu gün isə ilk qoldan sonra rəqib irəli atıldı, boşluqlar verdi. Bəlkə, daha çox qol vura bilərdik. Lakin futbol belədir, bəzən hər şey istədiyin kimi alınmır.

 

 

– Effektiv mərkəz hücumçusuna ehtiyacınız olduğunu deyə bilərik?

 

– Geniş heyətimiz var. Bəlkə də, 10-a yaxın futbolçumuz hələ startda oynamayıb. Keyfiyyətli oyunçularımız da özlərini sübut edəcəklər. Heyətimizdə 25 çox yaxşı futbolçu var.

– Qarşıda uzun marafon var. Qapıçı mövqeyinə transfer düşünürsünüz?


– 4 qapıçımız var. Rəvan, Rauf, Amin və Pokatilov. Üç gənc qolkiperimiz də çox istedadlıdırlar və onlara güvənirəm. Zaman haqlı olduğumu göstərəcək.

 

 

– Pley-off matçını hansı stadionda oynayacaqsınız?


– Bu, rəhbərliyə aid sualdır. Dəqiq bilirəm ki, Masazırda oynaya bilməyəcəyik.

 

– Mikelsin mərkəz hücumçusu kimi daha effektiv olduğunu düşünmürsünüz?


– Mikelsin fərqli mövqelərdə oynaya bilməsi bizim üçün çox faydalıdır. Xoşbəxtəm ki, belə universal futbolçularım var. Danimarkadakı oyunda rəqib fərdi mübarizələrə çox girirdi. Belə taktikaya qarşı üstünlük əldə etmək istəyirsənsə, çox hərəkətdə olmalısan. Mbina həmin matçda meydana daxil olandan sonra boşluqlar yarada bildi, bizim üstünlüyü ələ almağımıza kömək oldu. Bu gün isə rəqib fərqli sistemlə oynadı. Onların daha çox təzyiq edəcəyini düşünürdük, amma geri çəkilməyə başladılar. Mikels sol cinahda oynasa da, sərbəst idi. Daim boşluq axtarışında idi. İlk qolda Mikelsin assistindən çox komandamın təzyiqini qeyd edərdim. Bu gün meydana çıxan bütün futbolçulardan məmnunam. Mbina da işini yaxşı gördü.

 

 

– Severina üç dəfə sol ayaqla zərbə endirməyə çalışsa da, alınmadı. Sonda isə sağ ayaqla fərqləndi. Bu, sizin tapşırığınız idi?

 


– Severina iki ayağından da yaxşı istifadə edə bilir. Kifayət qədər təhlükəli oyunçudur. Top oyunçular hər zaman çalışır ki, rəqibləri təəccübləndirsinlər. Maluda da gələndə hər dəfə eyni şeyi edirdi. Ona izah etdik ki, bənzər şeyləri təkrarlama. Severina da bu gün fərqli şəkildə qol vurdu. Bu gün meydana çıxanda ona tapşırdım ki, qapıya çox zərbə endirsin.

 

– Qələbəni necə qeyd edəcəksiniz?

 


– Kimsə məni hardasa məkanda nəsə qeyd edəndə görüb? Bu, işimizdir. Qələbəni qeyd etməyimiz də yekunlaşıb. Evə gedib, növbəti rəqiblərin oyunlarına baxacağıq, təhlillər aparacağıq. Hazırda düşündüyüm bunlardır.