"Yeni yaranan komandayıq. İlk dəfədi ki, Region Liqasında çıxış edirik. Mövsümün əvvəlində qarşımıza qoyulan əsas məqsəd yaxşı, döyüşkən komanda formalaşdırmaq Xaçmazda futbolu populyarlaşdırmaq idi. Amma turlar ötdükcə yaxşı oyun sərgiləməyə başladıq. Və bunun nəticəsi olaraq, yer alqığımız qrupdan məğlub olmadan pley-offa yüksəldik. İndi isə bizi qarşıda final görüşü gözləyir". Bu sözləri Sport24.az-a açıqlamasında Region Liqasınən finalına yüksələn "Şimal"ın oynayan baş məşqçisi Tural Cəlilov deyib.


Cəlilov ilk ildə uğurlu çıxış etmələrinə baxmayaraq, problemlərinin də olduğunu vurğulayıb: "Bizim əsas problemimiz Xaçmaz şəhər stadionundan istifadə edə bilməməyimizdi. Stadion hələ ki arzu olunan səviyyədə deyil. Ona görə də ev oyunlarımızı Siyəzəndə keçirirdik. Stadionumuxun bərbad gündə olması səbəbindən normal məşq belə keçə bilmirik. Siyəzənə gedib-gəlmək isə izafi sərfdi. Finaldakı rəqibimiz bizdən ona görə üstündür ki, onlar həftədə ən azı 3 dəfə komanda şəklində məşq edirlər".


Oynayan məşqçi mövsümün həlledici qarşılaşması ərəfəsində şansları da dəyərləndirdi: "Bura qədər gəlib çıxmışıqsa, niyə də qələbə qazanıb çempion olmayaq? Hamımız buna inanırıq. Amma etiraf etməliyik ki, "Hypers" daha hazırlıqlı komandadı və favoritdilər. Vüqar Nadirov yaxşı kollektiv formalaşdırıb. Fikrimcə, şanslar 60-ın 40-a nisbətində rəqibin xeyrinədi. Amma ümidsizliyə qapılmırıq, sona qədər mübarizə aparacağıq".


ABDULLA İSMAYILOĞLU