"Qarabağ" klubunun futbolçusu Toral Bayramov "Neftçi"yə qalib gəldikləri (2:0) Misli Premyer Liqasının XI turunun oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sport24.az həmin müsahibəni təqdim edir...
- Azərbaycan derbisində qələbə qazandınız. Matçla bağlı nə deyə bilərsiniz?
- Çətin oyun oldu. Derbi adına layiq qarşılaşma idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm, gözəlatmosfer yaratmışdılar. Vacib olan odur ki, tapşırıqları düzgün yerinə yetirib, vacib üç xalı qazandıq. Qarşıdakı matçlara baxacağıq. Çalışacağıq ki, oyunumuzu qoruyaq və daha da yaxşılaşdıraq.
- "Çelsi" ilə matçdan sonra "Neftçi"yə qarşı hazırlaşmaq çətin olmadı? Çünki vaxt az idi..
- Çətin olmadı. Artıq belə ağır oyunlara öyrəşməliyik. Çünki qarşıda bizi daha da ağır qarşılaşmalar gözləyir. Çətin olduğunu düşünmürəm. Belə atmosfer olacağını bilirdik. Bu da bizə motivasiya verdi. Gücümüzü toparladıq. Hər şey əla idi.
- Birinci hissədə "Neftçi"yə qol vurmaq üçün nə çatmırdı?
- Deməzdim ki, nəsə çatmırdı. Qarşımızdakı rəqib də "Neftçi" idi. Onlar da çox yaxşı təşkilatlanmış komandadırlar. Oyunları ilə bunu sübut edirlər. Son matçları çox yaxşı performans göstərirlər. Qələbə qazanmaq istəyirdilər. Yaxşı mübarizə oldu. Əsas odur ki, sonda qalib gəldik.
- Milli komandamız İslandiya və Fransa ilə üz-üzə gələcək. Bu matçlardan gözləntilər nədir?
- Ətraflı bir şey deyə bilməyəcəm. Çünki neçə vaxtdır klubun düşərgəsindəyik. Amma qarşıda bizi çətin çox oyunların gözlədiyini deyə bilərəm. Əlimizdən gələni edəcəyik ki, xalqımızı sevindirək, yaxşı nəticələr qazandıraq.
- Digər klublarla müqayisədə, "Qarabağ" milliyə daha çox oyunçu verir. Yorğunçuluq var?
- Bu, bizim işimizdir. İşimizi sevə-sevə edirik, narazı və peşman deyilik. Nə qədər çox oyun olsa, bizim üçün faydalıdır. Problem olmayacaq.