Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub. Sport24.az xəbər verir ki, üzgüçü Maksim Şemberev 400 metr məsafəyə qarışıq üzmədə qüvvəsini sınayıb.

Mübarizəyə təsnifat mərhələsindən qoşulan idmançı 4 dəqiqə 19,40 saniyə nəticə göstərərək, öz qrupunda sonuncu - 8-ci olub. Maksim digər qrupların nəticələrindən də asılı olaraq, ilk "8-liy"ə düşə bilmədiyi üçün finala çıxmaq şansını itirib. Şemberev 29 uzgüçü arasında 26-cı olub.

Azərbaycanın qadın üzgüçüsü Məryəm Şeyxəlizadəxangah da turnirlə vidalaşıb. O, təsnifat mərhələsində 100 metr məsafəyə batterflayda 1 dəqiqə, 1,37 saniyə nəticə göstərib. Ən yaxşı 18 üzgüçü arasına düşə bilməyən Şeyxəlizadəxangah yarımfinala yüksələ bilməyib. Beləliklə, Şemberevdən sonra o da olimpiadada mübarizəni dayandırıb.