"Artıq xeyli vaxtdı - 5-6 aydı burdayam, oyunlarda mütəmadi çıxış edirəm. Maksimum dərəcədə çalışıram ki, məşqçilərin etimadını doğruldum, ən azı bacardığım qədər əsas heyətə düşüm. Bu, olmasa da, sonradan meydana çıxıb baş məşqçinin etimadını qazanmaq istəyirəm ki, mənə gələcəkdə yenə şans versin. Zədəyə görə buraxdığım, az-az oynadığım matçlar da olub. Əslində, 2 qarşılaşmada heç oynamamalı idim, ağrıkəsici iynə vurub meydana çıxmışam. Daha çox şans qazanmağa, daha böyük təcrübə qtoplamağa çalışıram. Zədəm düzəlsə, inşallah, burdakı çıxışım daha yaxşı olacaq". Bu fikirləri Sport24.az-a açıqlamasında Gürcüstanın "Samtredia" klubunun futbolçusu İbrahim Qədirzadə deyib.
Gürcüstan və Azərbaycan çempionatlarının səviyyəsini müqayisə edən 22 yaşlı müdafiəçi bizdə texniki, hazırda iştirakçısı olduğu liqada isə güc futboluna üstülük verildiyini diqqətə çatdırıb: "Burda meydanın hər yerində mübarizə gedir. Futbolçular bir dəqiqə olsun dayanmırlar, sonadək vuruşurlar. Bir də stadion fərqini deyərdim ki, bizdəkilər daha yaxşıdı".
İbrahim "Samtredia"da iki mövqedə oynadıldığını qeyd edib: "Həm "6 nömrə" - dayaq yarımmüdafiəçisi kimi çıxış edirəm, həm də sağ cinah müdafiəçisi. Elə formamın nömrəsi də 6-dı. İnanırsınız, gələn kimi "42 nömrə"ni istədim. Çünki oynadığım klublarda, o cümlədən "Xəzər Lənkəran"da bu nömrəni istəmişəm, boş olanda götürmüşəm. Bildiyiniz kimi, Lənkəranı avtomobil seriyası da məhz 42-di. "Samtredia"da isə nömrələr 40-a kimi idi, dedilər ki, hansı boşdu, onu götür. Sonra elə oldu ki, 6-nı təklif elədilər, onu götürdüm. Əvvəllər bu nömrədə də çıxış etmişəm".
Cari mövsüm "Samtredia" üçün çox uğursuz gedir. Belə ki, cəmi 2 qələbəsi olan komanda 10 xalla son pillədədi. Qədirzadə bunun səbəbini belə izah edib: "Çempionata yaxşı başlamadıq, ardı-arda məğlub olduq. Bundan sonra toparlanmaq çətin oldu bir az. İndi xallar qazanıb turnir cədvəlində yuxarı pillələrə qalxmaq istəyirik. Bəli, məndən əvvəl burda digər azərbaycanlı futbolçu Nicat Qurbanov çıxış edib. Bizi müqayisə eləmirlər. Çünki mövqelərimiz fərqlidi, o hücum planında futbolçudu, mən isə müdafiə. Amma Nicatın xətrini çox istəyirlər burda".
Əlbəttə, İbrahimlə söhbətimizdə "Neftçi"nin Çempionlar Liqasında qarşıdakı sınağı haqda soruşmaya bilməzdik. Axı, onun sabiq klubu məhz Gürcüstan təmsilçisi - son çempion, hazırda da 2-ci pillədə gedərək, lider olan Batumidəki adaşından cəmi 2 xal geri qalan Tiflis "Dinamo"suyla duel gözləyir. Bu komandaya qarşı son oynayan azərbaycanlı futbolçu da məhz Qədirzadədi: "İyunda Tiflis "Dinamo"yla görüşdük, 0:2 hesabıyla uduzduq. Çox yaxşı komandadı. Bildiyiniz kimi, Gürcüstanın ən çox çempion olan klubudu. Buranın flaqmanı sayılır, hal-hazırda da çempionatın liderlərindən biridi. Bizlimə matçda da çox yaxşı oynadılar. Kaxaber Tsxadadze Tiflis "Dinamo"sunun baş məşqçi postuna gələndən sonra oyunlarında dəyişiklik hiss olunur. Aqressivliyi də kənardan hiss olunurdu. Komandası meydanın hər yerində mübarizə aparır. "Dinamo" komanda oyununa üstünlük verir. Deməzdim ki, fərdi oyuna çox diqqət yetirirlər".
Qədirzadə çempionumuzun "Dinamo"yla görüşlərdə əsas diqqət yetirməli olduğu məqamlara da toxunub: "Əks-hücumlara yaxşı çıxırlar, uzaqdan zərbələri təhlükəlidi. Hücumçuları çox yaxşıdı. Xüsusilə serbiyalı forvardı (Zoran Maruşiç-müəllifi). Burda çox qol vurub, həqiqətən yaxşı hücumçudu. Ancaq komanda şəklində oyun göstərirlər. Kaxaber gələndən sonra "Dinamo"nun oyununda aqressivlik artıb, özünəməxsus taktikası var. Bütün bunlara bizimlə görüşə şahid oldum. Ancaq əlbəttə, Gürcüstan çempionatıyla Çempionlar Liqası tam fərqli turnirlərdi".
Təbii ki, gürcülər futbolçumuzdan qarşıdakı duel də şanslar haqda da soruşublar: "Onlara da "Neftçi"nin daha üstün olduğunu demişəm. Hətta bəziləri razılaşaraq, maraqlı oyun olacağını deyirlər. Dueli maraqla gözləyənlər də çoxdu. Şübhəsiz ki, "Dinamo" da buranın flaqmanı olduğuna görə ona çox güvənirlər, mərhələni keçəcəyini hesab edirlər. Çempionlar Liqası başqa səviyyəli yarış olduğundan tam fərqli oyun gözləyirlər. Amma müqayisə edəndə, "Neftçi"nin şanslarını daha çox olduğunu deyirəm. Bizim çempion tam başqa səviyyədi və inanmıram ki, hal-hazırkı "Dinamo" ona başağrısı ola bilsin. Sadəcə, Tsxadadzenin bizim futbolu daha yaxşı tanıdığına, onun taktikasına uyğun məqamlar ola bilər".
MEHMAN SÜLEYMANOV