"Çelsi" məşq bazasından yüksək texnologiyalı video avadanlıqların yoxa çıxması ilə bağlı Surrey polisinə müraciət edib. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Qeyd olunur ki, klubun bəzi əməkdaşları hələ də yay tətilində olarkən futbolçuların çıxışını və taktiki hazırlığını təhlil etmək üçün istifadə olunan avadanlıq itib. Ehtimal var ki, video avadanlıq sadəcə, başqa yerə köçürülüb və bütün işçilər işə qayıdanda tapılacaq.
Lakin itkin düşən avadanlığın qiymətinin yüksək olması "Çelsi" rəhbərliyinin vəziyyətə ciddi yanaşmağa və tam araşdırmaq üçün polislə əlaqə saxlamağa məcbur edib. Video avadanlığının dəyəri 30.000 funt sterlinq olaraq qiymətləndirilir.
Qeyd edək ki, "Çelsi" 2025/26 mövsümünün ilk oyununu avqustun 17-də evdə keçirəcək. "Zadəganlar" "Kristal Pelas"la qarşılaşacaq.