"Çox maraqlı və ağır turnir oldu". Sport24.az xəbər verir ki, bu sözləri "Birbaşa Bakı"ının oyunçusu Təmkin Xəlilzadə Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində deyib.
O, minifutbol üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edən "Birbaşa Bakı"nın çempionluğunu şərh edib:
"Ay yarım idi ki, Bakıda hazırlaşırdıq. Yaxşı yoldaşlıq görüşləri keçirdik. Sevindirici haldır ki, bütün bu əziyyətimiz bəhrəsini verdi. Çempionlar Liqasında məşqçimizin dediyi hər bir şeyi yerinə yetirməyi bacardıq. Zədəli futbolçularımız var idi, bir çoxumuz artıq yorulmuşduq. Buna baxmayaraq sonadək mübarizə aparmağı bacardıq. Bu gün Vətənimizə kubokla qayıtdığımız üçün xoşbəxtəm".
Çempionatın ən yaxşı oyunçusu seçilən Xəlilzadə bildirib ki, bu nəticə onun üçün böyük əhəmiyyət daşımır:
"Mənim üçün bu nəticənin heç bir fərqi yox idi. Əsas məsələ komanda olaraq bu nəticəni əldə etmək idi".
Qeyd edək ki, turnirin həlledici matçında "BKMK Brno" (Çexiya) ilə qarşılaşan təmsilçimiz rəqib üzərində 2:1 hesabla qələbə qazanaraq Çempionlar Liqasının qalibi olub.