"Avstriya toplanışı yaxşı keçdi. Kollektiv olaraq məşqlərə çox diqqətlə yanaşdıq. Baş məşqçimizin verdiyi tapşırqıları qüsursuz yerinə yetirmək üçün əlimizdən gələni etdik. O ki qaldı yoxlama oyunlarına, bu cür matçlarda əsas olan nəticə yox, çatışmazlıqları görməkdir". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın futbolçusu Tellur Mütəllimov deyib.

30 yaşlı futbolçu Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələcəkləri Sloveniya "Sele"si haqqında da danışıb:

"Fikrimcə, bu baxımdan yoxlama matçları çox faydalı oldu. Bizi qarşıda çox vacib oyunlar gözləyir. İnanıram ki, bu toplanışda çəkdiyimiz əziyyətin bəhrəsini qarşıdakı oyunlarda görəcəyik. "Sele" ilə oyunlar çətin keçəcək. Bunu rəqibin ötən mövsüm Konfrans Liqasındakı nəticələrinə əsasən də demək olar. Avropa Liqasında asan rəqib olmur. Hazırda komanda olaraq bütün diqqətimizi avrokuboklara yönəltmişik. İnanıram ki, yaxşı nəticə qazanaraq azarkeşlərimizi sevindirəcəyik".

Qeyd edək ki, "Sabah" və "Sele" arasında ilk oyun iyulun 10-da cavab görüşü iyulun 17-də olacaq.