Azərbaycanda fəaliyyətini dayandırmış "Gənclərbirliyi" klubunun sabiq baş məşqçisi Adel Amruş ölkəmizdə səfərdədir.

Hazırda Ruanda yığmasının sükanı arxasında olan 57 yaşlı mütəxəssis Sport24.az saytına müsahibə verib.

- Azərbaycana xoş gəlmisiniz. Səfərinizin məqsədi nədir?
- ⁠Buraya gəlməyimin iki səbəbi var. Birinci öz futbolçularıma görə gəlmişəm. Onların oyunlarını izləmişəm. İkinci isə Azərbaycandan ötrü darıxmışam. Burada, Sumqayıtda dostlarım var. Bunlar əsas səbəb idi.

- 20 il əvvəl ölkəmizdə çalışmısınız. İndi gələndə hansı dəyişikliklər, yeniliklər gördünüz?
- ⁠Hər şey müsbət yöndə dəyişib. Dəyişiklikləri görməmək mümkün deyil. Xüsusən də futbol infrastrukturu haqqında demək istəyərdim. Amma düşüncələr çox dəyişməyib. İnsanlarınızın yaxşı ürəkləri var, qonaqpərvərdirlər. Əsas olan da budur. Heç bunları unuda bilmərəm. Möhtəşəm insanlar var. 20 ildən sonra ölkənizə qayıtsam da, sanki hələ də buradayam. Münasibətləri də saxlamışdım. İsti münasibətləri daha əvvəl də görmüşəm. Gəlməyimdə də bu, böyük rol oynadı.

- "Gənclərbirliyi"ndən gedəndən sonra kimlərlə əlaqə saxlamışdınız?
- ⁠Münasibətim olan oyunçuların hamısı ilə əlaqə saxlamışam. Samir Abdulov, Namiq Əliyev, Emil Paşayev və digərləri ilə danışırdlm. Bu müddət ərzində dayanmamışam. Jurnalistlərlə də danışmışam.

- Srağagün "Zirə" - "İmişli" oyununu izləmisiniz. Yığmaya hansı futbolçuları dəvət etməyi planlaşdırırsınız?
- ⁠"Zirə"dən Ange Mutsinzi və Leroy Mikelslə görüşdüm. L.Mikelsin qardaşı "Sabah"da çıxış edir. Onların vəziyyətləri və necə yaşadıqları ilə maraqlandım. Hərtərəfli tanış oldum. Əvvəlcədən telefon vasitəsi ilə əlaqəmiz olmuşdu. Mən onu milli komandaya götürmək istəmirdim. Planımızda yox idi. Amm komplekt komandamız da yox idi. Sonradan baxmaq istədik ki, bizim planlarımıza nə dərəcədə uyğundurlar.

- Mikels qardaşları nənələri Ruandadan olduğu üçün bu təklifi qəbul ediblər…
- ⁠Bəli. Elədir.

- Ange Mutsinzi də komanda yoldaşı Mikelsi dəvət edib ki, orada uğur qazana bilərik…
- ⁠Mənim bu barədə məlumatım yoxdu.

- Afrika Millətlər Kubokunda çıxış etmirsiniz. Ruanda yığmasının qarşısına hansı məqsədlər qoyulub?
- ⁠Yaxşı və möhkəm komanda yaratmaq niyyətindəyəm. Növbəti Afrika Millətlər Kubokuna getmək istəyirik.

- Buna potensialınız varmı?
- ⁠Məncə, gələcək üçün potensialımız var.

- Milli üzvləriniz Azərbaycan çempionatında oynamaqla inkişaf edə bilərlərmi?
- Rəşad Sadıqov ⁠yaxşı baş məşqçidir, həm də yaxşı futbolçu olub. Onu futbol oynadığı dönəmdə də bəyənirdim. Sıradan bir mütəxəssis də deyil. Ruanda yığmasının üzvləri onun rəhbərliyi altında oynayırlar. İnanıram ki, onun rəhbərliyi ilə futbolçularımız yaxşı olacaqlar, təcrübə yığacaqlar. Əlbəttə Sadıqovun müdafiəçi olması da hər şeyin yaxşı olacağını göstərir. O, öz təcrübəsindən futbolçulara da aşılayır. Milli komandama gələndə də yaxşı olacaqlar. Çünki Rəşadın yanından gəlirlər.

- Azərbaycan Premyer Liqasının səviyyəsi haqqında nə deyə bilərsiniz? 20 ildə nələr dəyişib?
- ⁠Osmanlı İmperiyasının dövrünü xatırlayırsınız? 20 il bundan əvvəl ot örtüyü, infrasruktur o dönəmi xatırladırdı (gülür). Bərbad idi. Bizim texniki və fiziki durumumuz yaxşı deyildi. O vaxt Sumqayıt region klublarına baxanda tamam fərqli idi. Bunu hamı bilir. Mənim komandam sanki Braziliya yığması idi. Texniki keyfiyyəti yüksək olan futbolçular Sumqayıt təmsilçisində idi. Bu şansları görməyimə şad oldum. Yenidən buraya gəldiyim üçün məmnunam. Əvvəlki dönəmdə çətinliklərə baxmayaraq hər şey xoş idi.

- Oğlunuz da sizinlə Azərbaycana səfər edib. Sizin yolunuzu davam etdirirmi? Yanınızdadırmı?
- Xeyr. Futbol oğlum üçün deyil. Universitetdə oxuyur. Vaxt dəyişir, zaman dəyişir. Bizim dönəmdə çox çətin idi. Amma indi elə deyil. Xarakterlərimiz də eyni olmur. Mənim oğlumla fikirlərimiz eyni deyil. Hər yerdə uyğunlaşa bilərəm, amma o, yox. Hamını sevə bilərəm, o, sevməyə bilər. Futbolda böyük şəxsiyyət və möhkəm insan olmalısan.

- Azərbaycandan təklif gəlsə, qəbul edərsiniz?
- ⁠Mən indi FIFA işindəyəm. Həm də milli komandadayam. Bəzi vaxtlar universitetdə məşqçilik dərsi keçirəm. Heç vaxt "yox" demək olmaz. Sevdiyim futbol ölkələrim var. Bunlardan biri Azərbaycandır. Hazırda Ruanda millisinin uğurları üçün çalışıram, görüləsi işlərim var. Sizlərlə işləyirəm, gəlirəm, gedirəm (gülür). 20 ildən sonra "yox" deyə bilmərəm. Allah bilir. Bu həqiqətdir ki, hər zaman dostlarımı görəcəyəm. Ölkənizi çox sevirəm. Oğlumla gəlmişəm, hər zaman ölkəniz haqqında ona xoş sözlər demişəm. Onun üçün Azərbaycana gəlmək böyük sürprizdir. Mənə deyirdi ki, Çində olduğumuz müddətdə bu qədər şəkil çəkdirməmişdik. Azərbaycanda daha çox şəkil çəkdirmişik. O tarixi şəhərləri sevir. Bakıdakı Şəhidlər Xiyabanını, Qənimətlər Parkını da görüb.

- Oğlunuz burda hər hansı iş təklifi alsa, ölkəmizdə işləməyinə icazə verərsiniz?
- ⁠Nəinki icazə verərəm, buna ikiəlli razıyam. Hətta onun azərbaycanlı qızla evlənməsinə də razı olaram.

- Sumqayıt azarkeşlərinə sözünüz varmı?
- ⁠Onları çox sevirəm. Fanatlar mənim dostlarım idi. Hamısı mənim və komandamın arxasında dururdular. Onlar şəhəri və komandanı sevirdilər. Kiçik bir şəhərdə böyük qəlbli insanlar var. Bunların mənə qoyduğu hörmət 90 minlik azarkeş ordusuna dəyərdi. Heç vaxt Sumqayıtdakı azarkeşlər kimi pozitiv insanlar görməmişəm. Səhv də etsəydim, hər şey burada mənim üçün yaxşı idi.