"Sumqayıt"ın müdafiəçisi uzun fasilədən sonra kollektiv məşqlərə qoşulacaq. Sport24.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, İsa Suliman bu gün klubun düşərgəsinə təşrif buyuracaq.

 

Pakistan millisinin də formasını geyinən İsa 2023/24 mövsümünün X turunda, "Sabah"la görüşdə zədələnmişdi. 27 yaşlı müdafiəçiyə medial menisk yırtığı diaqnozu qoyulmuşdu. Ankaradakı "Acıbadem" xəstəxanasında tanınmış cərrah Prof.Dr. Mehmet Serdar Binnet tərəfindən əməliyyat olunsa da, reablitasiya kursu düzgün aparılmadığından ikinci dəfə cərrah bıçağı altına uzanmalı olub. Suliman bu dəfə bərpa prosesini İngiltərədə keçib.

 

Qeyd edək ki, "Gənclik şəhəri" təmsilçisi ötən yay 27 yaşlı müdafiəçi ilə müqavilənin müddətini 2027-ci ilin yayına qədər uzadıb. 2023/2024 mövsümündən komandada çıxış edən ingiltərəli oyunçu Misli Premyer Liqasında 27, Azərbaycan Kubokunda isə 2 matçda meydanda olub. O, bu görüşlərdə 4 qol vurub.