"Uzun müddətdir qələbə qazana bilmirdik. Nəhayət, bu uğursuz seriyanı qıraraq 3 xal əldə etdik və buna görə çox sevinirik". Bu sözləri Sport24.az-a "Sumqayıt"ın futbolçusu Rayan Senhadji deyib.

Müdafiəçi "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 28-ci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Geridə qalan turlarda bəxtimizin gətirmədiyi oyunlar oldu. Futbolda belə hallar qaçılmazdır. "Qəbələ" ilə qarşılaşmada isə bəxt bu dəfə bizim tərəfimizdə idi. Növbəti turda rəqibimiz "İmişli" olacaq. Onları yaxşı tanıyırıq və bizi "Qəbələ" ilə oyundan da çətin bir qarşılaşmanın gözlədiyini bilirik. Qubadakı meydançanın vəziyyəti də hər kəsə məlumdur və orada oynamaq bizim üçün asan deyil. Çünki biz oyun üslubumuza görə daha keyfiyyətli meydançalarda çıxış etməyə öyrəşmişik. Buna baxmayaraq, məqsədimiz dəyişmir. Qalib gəlib növbəti 3 xalı qazanmaq istəyirik".