"Matç hər iki komanda üçün maraqlı keçdi. Bilirdik çətin olacaq. Uzun müddətdir qələbə qazana bilmirdik. Nəhayət, bu uğursuz seriyanı qıraraq, 3 xal əldə etdik və buna görə çox sevinirik". Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Nadir Orucov deyib.
Gənc müdafiəçi "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 28-ci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Rəqibin xeyli sayda qol imkanı oldu. Bəxtimiz gətirdi ki, fərqlənə bilmədilər. Arxayınlıqdan söhbət belə gedə bilməz. İkinci hissədə futbolçularda yorğunluq hiss olundu və ona görə də "Qəbələ" hücumları artırdı. Təəssüf ki, avrokuboklara şansımızı itirmişik. Premyer Liqada qalmağımız da bu qələbədən sonra dəqiqləşdi. Avrokuboklara vəsiqə qazana bilmədiyimizə görə çox təəssüflənirəm. Növbəti turda rəqimiz "İmişli" olacaq. Qubada bir dəfə oynamışıq. Uduzsaq belə rəqibə texniki məğlubiyyət verilmişdi. Ümumiyyətlə, "İmişli"ə qarşı səfərdə oynamaq bütün komandalar üçün çətindir. İnşallah, səfərdə oynasaq belə məqsədimiz qələbə qazanmaqdır".
Qeyd edək ki, 28 turdan sonra aktivində 35 xal olan "Sumqayıt" turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.