Ölkəmizin qadınlardan ibarət futbol yığması sabah dünya çempionatının seçmə mərhələ oyununda evdə Şimali Makedoniya ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, yığmanın baş məşqçisi Siyasət Əsgərov bu gün mətbuat konfransı keçirib.
- Sizi burda görmək xoş oldu. Qadın futbolu üçün müsbət haldı. Şimali Makedoniyaya qarşı ilk dəfə oynayırıq. Rəqibi təhlil etmişik. Son oyunlarına baxmışıq, üstün və zəif cəhətlərini bilirik. Bunun üzərində məşq etmişik. İlk oyunlar çətin olur. Evdə oynayırıq. Bu oyuna köklənmişik. Maksimum xal qazanmaq istəyirik.
- Legionerlər bu oyuna nə dərəcədə hazırdı?
- Yeni inkişaf etməyə başlayırıq. Liqanın inkişafı üçün federasiya işlər görür. Futbolçularımızın çoxu legioner həyatı yaşayır. Bu da AFFA-nın strategiyasıdı. Sevinirik ki, qızların çoxu komandalarında ilk "11-lik"də oynayır. Məşqçilərinin istəyi fərqli olur. Ümid edirəm ki, sabaha qədər düşündüyümüz planın çoxunu qızlara çatdırmışıq.
- DÇ-nin seçmə mərhələsində hədəf nədi?
- Bütün baş məşqçilər lider olmaq istəyər. Amma reallıq da var. Macarıstan A səbətində olub. Bilmirik ki, niyə C səbətinə düşüblər. Onlarla B səbətində qarşılaşmışdıq. Səfərdə heç-heçə edib, evdə uduzmuşduq. Oyunçu keyfiyyətləri yüksəkdi. Komanda olaraq maksimuma köklənmişik. Andorra və Şimali Makedoniya ilə oyunlarda maksimum xal qazanıb, ən azı pley-off oynamaq istəyirik.
- Rəqibi nədə üstələyə bilərsiz?
- Bu barədə danışmaq istəmirəm. Bəzi mövqelərdə keyfiyyətli futbolçuları var. Uzun topla oynayırlar. Hava topları ilə bizi qaçmağa məcbur edəcəklər. Qızlarımıza bunu çatdırmışıq.
- Heyətlə bağlı narahatlıq var?
- Bəzi zədələr var. Bir-iki zədəli olanda yerini doldurmaq olur, çox olanda çətindi. Qızlarda xarakter, istək var. Komanda oyununda qızlarımızın göstərdiyi oyuna görə həmişə rəqibimizdən üstün olmuşuq.
- Heyətin geniş olmamasının məsuliyyəti kimdədi?
- Birmənalı şəkildə bizdə. Aşağı yaşlarda istedadlı qızlar var. Çalışırıq ki, yaxşı nəticələr əldə edək. Bizə zəng edirlər ki, qızlarımız futbol oynamaq istəyir. Buna sevinirik. Yaxın 5 ildə belə şey yox idi.
- Fiziki durum sizi qane edir?
- Müntəzəm oynayanlarda problem yoxdu. Bir-iki futbolçu zədədən yeni qayıdıb.